Narkomaniyaya qarşı birgə mübarizə aparaq !

21 may tarixində Nərimanov rayon Polis İdarəsinin təşkilalatçılığı ilə Azad Hümbətov adına 291 №-li Ekologiya liseyində "Narkomaniyaya qarşı birgə mübarizə aparaq!" mövzusunda tədbir keçirilib.
N.Nərimanov rayon Polis İdarəsinin rəhbərliyi ilə yanaşı, Bakı şəhər Baş Polis İdarəsi və Nərimanov rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla İşin Təşkili bölmələrinin, məktəbin pedaqoji kollektivinin nümayəndələri və şagirdlər də iştirak ediblər.
Narkomaniya, narkotik tərkibli maddələrdən sui-istifadə, onların istehsalı, ticarəti, törətdiyi fəlakətlər yüz illər boyunca olduğu kimi, XXI əsrdə də bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli qlobal problemlərdən biri olmaqda davam edir.
Narkotika təhlükəsi artdıqca onunla mübarizə zərurəti daha da aktuallaşır. Narkotiklərdən sui-istifadə və onların qanunsuz dövriyyəsi son onilliklərdə daha çox qlobal miqyas almışdır və cəmiyyətdəki sosial-psixoloji mühitə, iqtisadiyyata, siyasətə və qanunun aliliyinə mənfi təsir göstərir.
Narkotik asılılığın qurbanları daha çox yeniyetmələr və gənclər olur. Narkotika aludəçiliyi həm gənc insanın özü, həm də ailəsi, yaxınları üçün faciəyə çevrilir. Narkotiklərdən asılılıq ümumi fiziki xəsarətlərə və sağlamlığın ciddi ağırlaşmalarına səbəb olur.
Narkoman tədricən özünə hörməti, əxlaqi keyfiyyətlərini və zehni tarazlığını itirir. Anormal psixikaya görə ailəsi və dostları ilə ünsiyyət qura bilmir, heç bir peşə ilə məşğul ola bilmir və hətta xəstəliyindən əvvəl sahib olduğu işlə bağlı bacarıqlarını da unudur. Cinayət mühitinə qarışaraq ətrafdakı insanlara bədbəxtlik gətirir və yavaş-yavaş onların da həyatını məhv edir.
Narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir. Belə ki, narkotik maddələr ilk növbədə orqanizmin immunitet səviyyəsini aşağı salaraq ürək-damar sisteminə, qara ciyər və böyrək kimi daxili orqanların ciddi zədələnmısinə yol açır. Nəticədə orqanizm zəifləyir, çəki itkisi yaranır, insanın fiziki gücü tükənir və sonda ölüm halı baş verir.