Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində ekoklub üzvlərinin X Ekoloji Forumu keçirilib

    Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 30 aprel 2025-ci il tarixində “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində ekoklub üzvlərinin X Ekoloji Forumu keçirilib.

    2015-ci ildən etibarən hər il ənənəvi olaraq həyata keçirilən və bu il onuncu dəfə baş tutan forum, ölkənin müxtəlif regionlarını təmsil edən yüzlərlə məktəblini bir araya gətirmişdir. Forum, məktəblilərin ekoloji mövzularda maarifləndirilməsi, onların liderlik və təqdimat bacarıqlarının inkişaf etdirilməsi, eləcə də ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərə cəlb olunması baxımından əhəmiyyətli platforma rolunu oynamışdır.

    Bu il Forum, beynəlxalq miqyaslı Global Action Days 2025 kampaniyası çərçivəsində həyata keçirilmişdir. Ətraf Mühitin Təhsili Fondu (FEE) tərəfindən təşkil olunan və 22 aprel – 6 may tarixlərini əhatə edən kampaniya “Fəaliyyətə keç: Dayanıqlı gələcək üçün” devizi altında keçirilmiş, şagirdləri və gəncləri ekoloji mövzularda real fəaliyyətlərə təşviq etməyi hədəfləmişdir.

    Tədbir çərçivəsində “Yaşıl Şəbəkə” proqramında iştirak edən 50-dən artıq ekoklubun üzvləri “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin Balaxanı və Qala ekomərkəzlərində təşkil olunan lokal ekoloji aksiyalara qoşulublar.

    Liseyimizin "Eko klub" üzvləri də bu ekoloji aksiyada iştirak ediblər.

Balaxanı Ekomərkəzdə keçirilmiş “Torpağı canlandır: Neftlə çirklənmiş ərazidə həyat tap!” aksiyası zamanı şagirdlər təmizlənmiş torpaq sahəsində ekosistemin bərpa prosesini müşahidə etmiş, canlı həyat əlamətlərini sənədləşdirmiş və torpaq bərpasına dair maarifləndirici fəaliyyətlər həyata keçiriblər.

    Qala Ekomərkəzdə baş tutan “Orqanik həyatın izi ilə: Məktəb bağı və kənd macərası” adlı aksiyada iştirakçılar orqanik bağçılıqla tanış olmuş, yerli qoyun cinsi və göl ekosistemini müşahidə etmiş, su nümunələri üzərində ilkin analizlər aparmış və ətraf mühitin qorunmasına dair təkliflər səsləndiriblər.

    Hər iki aksiya çərçivəsində şagirdlər öz fəaliyyət və müşahidələrini #GlobalActionDays heşteqi ilə ictimaiyyətlə bölüşərək, ekoloji dəyərlərin təbliği və israfın azaldılması ilə bağlı nümunəvi davranış sərgiləyiblər.

    X Ekoloji Forumu, iştirakçıların ekoloji bilik və bacarıqlarının artırılması, onların sosial məsuliyyət hissinin formalaşdırılması və qlobal ekoloji çağırışlara lokal səviyyədə cavab verilməsi baxımından uğurlu və nümunəvi təşəbbüs kimi qiymətləndirilib.

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi