Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Bəşəriyyət tarixində ən qanlı cinayət ötən əsrin sonlarında Azərbaycanda Ermənistan silahlı qüvvələri tərəfindən törədilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya bir neçə istiqamətdən hücum edən erməni silahlı birləşmələri öz qəddar əməllərini və insanlığa sığmayan vəhşiliklərini şəhərdə köməksiz qalmış uşaqlar və qadınlar, ahıl qocaların üzərində nümayiş etdiriblər.
Bədnam qonşularımızın amansızlığını tamamilə ifşa edən soyqırımı aktı yalnız soydaşlarımıza qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş hərbi-siyasi cinayətdir.
Faciənin baş verməsindən yalnız iki il sonra bu bəşəri cinayət öz qiymətini alıb. Azərbaycan xalqının xilaskarı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul edib. Sənəddə faciənin başvermə səbəbləri, günahkarların adları təfsilatı ilə açıqlanıb. Ümummilli liderin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.
Xocalı faciəsi qurbanlarının əziz xatirəsi hər il olduğu kimi, bu il də fevralın 26-da saat 12:00-da ölkə ərazisində və eləcə də dünyanın bir sıra dövlətlərində bir dəqiqəlik sükutla yad olunub. Yaşından, cinsindən, milliyətindən asılı olmayaraq bütün ölkə vətəndaşları Xocalı qurbanlarının xatirəsini ehtiramla anıblar. Xalqımız şəhid olmuş soydaşlarımızı daim yad edəcək, onların xatirəsini həmişə əziz tutacaq.