Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının seçim yoxlama turu keçirilib
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V sinif, Fənn müsabiqələri isə VI-VII siniflər üçün təşkil olunur. VI sinif şagirdləri riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə imtahanda iştirak edə bilərlər.
Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.
Qeyd edək ki, Fənn müsabiqələri qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlıq prosesinə cəlb olunur, müvafiq təmayüllər üzrə lisey və gimnaziyalara müsabiqədənkənar qəbulolma şansı əldə edirlər.
Liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Hüseynovanın təşkilatçılığı ilə V sinif şagirdləri arasında Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında iştirak edəcək şagirdlərin yoxlama turu keçirilib.Yoxlama turundan uğurla keçən şagirdlər Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında iştirak edəcəklər.