Qeyri-səlis məntiq nəzəriyyəsinin banisinin anadan olduğu günüdür

    Fevralın 4-ü dünyanın ən məşhur azərbaycanlılarından biri, ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, dünya şöhrətli alim Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olduğu gündür. Professor Lütfi Zadə, yalnız elmi və fəlsəfi düşüncəyə deyil, həm də texnoloji inkişafa təsir edən və təsir göstərəcək vacib fikirləri ortaya qoyan və irəli sürən dahi bir şəxsiyyət idi. Həyatı boyu yenilik ruhu ilə yaşayan Lütfi Zadə bütün dünyada qeyri-səlis məntiqin "atası" kimi tanınır və onun inqilabi nəzəriyyəsi Aristotelin ikili məntiqinin sərhədlərini aşmışdı.O, sübut etdi ki, insan dünyanı yalnız "ağ" və "qara" rənglərdə duyub qavramır. İnsanın dünyanı görüb dərk etmə imkanları zəngin və hüdudsuzdur. Lütfi Zadənin məntiqi dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Elə buna görə də, o, hüdudsuzluğun riyaziyyatını yaratmış, onun rəngarəngliyini açmışdır və bu nəzəriyyə iqtisadiyyat, psixologiya, dilçilik, siyasət, fəlsəfə, sosiologiya, dini məsələlər, münaqişə vəziyyətlərində geniş istifadə olunmuşdur. Mütəxəssislər, alimin məntiqi və nəzəriyyəsi ilə həqiqətən insanın həyata dair fəlsəfi baxışlarında olduğu kimi elm dünyasında da bir inqilab etdiyini düşünürlər Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülmüş, həmçinin, Koreya, Bolqarıstan, Polşa, Finlandiya, Azərbaycan, Rusiya və ABŞ akademiyalarının fəxri üzvü seçilmişdi. Bu günə olan məlumata görə, “Google Scholar”da Lütfi Zadənin elmi əsərlərinə 250466 istinad olunmuş, bunlardan 12 837-i 2021-ci ilə, 1 205-i 2022-ci ilə aiddir. Alimin Hirş indeksi 108-ə bərabərdir.

    Fenomenal elmi təfəkkürü ilə seçilən, adı elm tarixinə qızıl hərflərlə həkk olunan, dünya şöhrətli azərbaycanlı alim və böyük şəxsiyyət Lütfi Zadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq! Allah rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi