23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar E.Məmmədov adına 21 nömrəli tam orta məktəbdə tədbir keçirib. Tədbirdə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün yaranma tarixi haqqında məlumat verilib. Bildirilib ki, aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə bu əlamətdar gün bütün dünyada qeyd olunur. Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır. Aprelin 23-ü, eyni zamanda, dünya ədəbiyyatında simvolik tarixdir - Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür. Azərbaycanda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir. Tədbir zamanı şagirdlər kitabın yaranması, ən çox oxunan əsərləri, ən çox tərcümə edilən müəlliflər haqqında maraqlı fikirlər səsləndiriblər. Şagirdlər dünya ədəbiyyatından Hans Xristian Andersenin “Çirkin ördək balası”, “Şahzadə və noxud”, Qrimm qardaşlarının “Qırmızı papaq”, C.K.Roulinqin “Harri Poter”, A.Lindqrenin “Karlson”, “Uzuncorab Pippi”, Azərbaycan ədəbiyyatından “Koroğlu”, “Kitabi-Dədə Qorqud” dastanları, M.Cəlalın “Bir gəncin manifesti” və digər əsərlər haqqında fikir mübadiləsi aparıblar.