Ölkəmizi tanıyaq tur-aksiyası
Pirallahı rayon məktəblilərinin Qərb bölgəsinə (Gəncə, Şəmkir və Göygöl) olan 4 günlük səfəri 21 noyabr 2019-cu il tarixində uğurla başa çatmışdır. Gəncədə tur-aksiya iştirakçıları Heydər Əliyev adına meydanda ümummilli liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. Şagirdlərə Gəncənin tarixi, mədəniyyət abidələri, müasir park və xiyabanları, turizm obyektləri barədə məlumat verildikdən sonra gəzinti başlayıb. Heydər Əliyev park-kompleksindən sonra məktəblilər “Nizami məqbərəsi”, “Gəncə Qala qapıları”, “İmamzadə” Dini Memarlıq və abidə kompleksində, miniatür kitab muzeyinin Gəncə filialında olublar. Maarifləndirici tur Cavad xan türbəsi, Şah Abbas-Cümə məscidi Çökək Hamam, Uğurlu xan Karvansarayı, Məhsəti Gəncəvi adına mədəniyyət mərkəzi, Mirzə Şəfi Muzeyi və şairin adını daşıyan parkı ilə tanışlıqla davam edib. Açıq səma altında muzeyi xatırladan Cavad xan küçəsindəki gəzinti də məktəblilərə xoş təsir bağışlayıb.
Sonda Pirallahı şagirdləri Göygöl və Şəmkirdə də olublar. Şagirdlər Göygöldə Heydər Əliyev mərkəzində qarşılanıblar. Rayon rəsmiləri qonaqlara Göygölün tarixi, mədəniyyəti və infrastrukturu barədə məlumat veriblər. Daha sonra onlar Gənclər mərkəzi və Göygöl rayon tarix-diyarşünaslıq muzeyinin yerləşdiyi qədim Alman kilsəsini də gəziblər. Şəmkirə gələn məktəblilər isə rayonla tanışlığa Heydər Əliyev mərkəzindən başlayıblar. Qonaqlara Şəmkirin tarixi və mədəniyyəti, keçdiyi inkişaf yolu haqda ətraflı məlumat verilib. Rayonla əyani tanış olan şagirdlər Şəmkir qalasını ziyarət edib," Bayraq meydanı"və "Bayraq"muzeyi, "Zəka" gənclərin intellektual və yaradıcılıq inkişaf mərkəzində də olublar. Tur-aksiyanı başa vuran məktəblilər qeyd etdilər ki, "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Azərbaycanın Qədim Nizami yurduna səfər etdilər. Şəmkir və Göygöl rayonlarının səfalı guşələri, tarixi yerləri ilə tanış oldular. Ölkəmizi daha yaxından tanımaq üçün onlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.