"Valideynin məktəbdə bir günü" layihəsinin növbəti mərhələsi
Mayın 30-da məktəbdə “Valideynin məktəbdə bir günü layihəsi”nin növbəti mərhələsi həyata keçirildi. Layihənin məqsədi haqqında məktəbin tərbiyə işləri üzrə direktor müavini S.Rəhimova çıxış etdi. O, öz çıxışında bildirdi ki, layihə valideynlərin məktəb mühiti ilə daha yaxından tanış olmasını təmin edir. Həmçinin müəllim-valideyn münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühitin yaradılmasında mühüm rol oynayır. Müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim prosesindəki rolundan bəhs edən S.Rəhimova valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərdən danışdı.
Sonra valideynlər məktəb mühiti ilə tanış oldu və onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə məlumat verildi. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənildi və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparıldı.
Bundan əlavə fənn müəllimləri tərəfindən valideynlər üçün sessiyalar təşkil olundu. Valideynləri təşəbbüskar və daha fəal olmağa səsləyən müəllimlər valideynlərlə müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında fikir mübadiləsi apardılar. Eyni zamanda valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri keçirildi.
Görüşdə şagirdlərin hazırladıqları ədəbi –bədi kompozisiyalar da nümayiş olundu.
Qeyd edək ki “Valideynin məktəbdə bir günü” adlı layihənin təşkil olunmasının məqsədi müəllim–valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim prosesindəki səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir.