"Şuşasız 27 il"

Mayın 8-də Şuşanın işğalının 27-ci ildönümü ilə əlaqədar ibtidai sinif müəllimi Xırdaxanım Əmirovanın təşkilatçılığı ilə “Şuşasız 27 il” adlı xüsusi dərs keçirildi. Müəllim şagirdlərə məlumat verərək bildirdi ki, Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri artıq iyirmi yeddi ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı altındadır. Düz iyirmi yeddi ildir ki, yadlar tapdağı olan Şuşa ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağılagəlməz cinayətlərə əl atmışlar. Nadir tarixi-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanalar talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə “Qafqazın cənnəti” adlandırılan yerlər xarabalığa çevrilmişdir. Müəllim həmşinin şagirdlərə həmin dövrlərdə baş vermiş faciələrdən danışdı, mənfur ermənilərin törətdikləri cinayətləri onlara çatdırdı. Şagirdlər Şuşaya aid şeirlər, bayatılar söyləmiş, təqdimatlar hazırlamışlar. Onlar öz təqdimatlarında Şuşanın işğalı nəticəsində şəhərdə195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilməsindən, 165 nəfər yaralanmasından, onlardan 150 nəfərin əlil olmasından, 552 körpənin valideynlərini itirməsindən, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşməsindən danışdılar. Əsir və girov götürülmüş 58 nəfər azərbaycanlının taleyi barədə bu günə qədər məlumat olmadığını bildirdilər.