Elmi-praktik konfransın final mərhələsi

Mayın 6-da Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusuna həsr olunmuş elmi-praktik konfransın final mərhələsi keçirilib. Konfransda Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-Siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Təhsil Nazirliyinin ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, məktəb direktorları, rayon üzrə qalib olan şagirdlər iştirak edib.
Konfransın keçirilməsinin məqsəd və mahiyyəti açıqlandıqdan sonra şagirdlər seçdikləri mövzular üzrə məruzə ilə çıxış edərək öz elmi işlərini təqdim ediblər. İlk olaraq Pirallahı rayonu üzrə seçilən məktəbin 11-ci sinif şagirdi Məmmədzadə Qorxmaz hazırladığı referatı məruzə edib. Q.Məmmədzadənin çıxışı konfrans iştirakçıları tərəfindən diqqətlə dinlənilib. Qeyd edək ki, Q.Məmmədzadənin elmi rəhbəri məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimovadır.
Qonaqlar öz çıxışlarında konfransın əhəmiyyəti barəsində geniş məlumat veriblər. Şagirdlərin hazırladıqları məruzələr yüksək qiymətləndirilib. Bildirilib ki, şagirdlərin elmi işləri “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitabda nəşr olunacaq.