Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsi
Aprelin 21-də məktəbdə Təhsil İnstitutunun baş məsləhətçisi Tural Hətəmxanovun iştirakı ilə Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir.
“Öyrənək, əylənək və həll edək” şüarı ilə keçirilən müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan 2-10-cu sinif şagirdlərini əhatə edir. Qaydalara əsasən tapşırıqlar 5 fərqli kateqoriya üzrə 2, 3-4, 5-6, 7-8, 9-10-cu sinif şagirdləri üçün qapalı test formatında və 3 səviyyədə (asan, orta, çətin) olmaqla tərtib edilib.
Pirallahı rayonunda fəaliyyət göstərən 168, 186, 231 və 235 nömrəli tam orta məktəbin 2-10-cu sinif şagirdləri öz riyazi və məntiqi biliklərini 90 dəqiqə ərzində nümayiş etdiriblər. Qeyd edək ki, müsabiqədə ümumilikdə 338 nəfər şagird iştirak edib.