Novruz bayramı milli ruhda qeyd edilib
Martın 18-də Pirallahı qəsəbəsində yerləşən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Novruz bayramı təntənəli şəkildə keçirilib. Mədəniyyət Mərkəzinin parkında başlanan şənliyə Bahar qız, Kosa və Keçəl xüsusi rəng qatıblar. Həmçinin Pirallahı rayonunun orta məktəbləri və uşaq bağçaları, 4 nömrəli Uşaq-Gənclər İnkişaf və V.Mustafazadə adına Mədəniyyət Mərkəzlərinin öz yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgi təşkil edilib. Burada mövzusu Novruza bağlı olan 100-dən çox rəsm işi, tikmə, balıqqulağı və xırda daşlardan istifadə etməklə düzəldilmiş maketlər və digər əl işləri nümayiş olunub.
Qonaqları alqışlayan el ağsaqqalı Dədə Qorqud əlindəki məşəli Vasif İmanova təqdim edib və Rayon İcra Hakimiyyətinin Başçısı bayram tonqalını alovlandırıb. Pirallahı sakinlərini və qonaqları xalqımızın milli bayramı olan qədim Novruz münasibətilə ürəkdən təbrik edən V.İmanov əziz bayram haqqında geniş məlumat verib, qədim zamanlardan başlayaraq Azərbaycanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğulayıb, Novruz adətləri barədə danışıb. Bildirildi ki, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev Novruz bayramını çox sevirdi, bu qədim bayramın dirçəlməsi, qorunub-saxlanması üçün böyük işlər görmüşdü. Ulu Öndər hər il Novruz bayramını xalqla birlikdə keçirər, qədim adətlərimizi gözəl bildiyini nümayiş etdirərdi.
Millət vəkili Rauf Əliyev tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Novruzun xalqımızın əsrlərdən bəri qorunub saxlanıldığı və bütün dövrlərdə həmişə əziz və dövlət səviyyəsində qeyd edilən milli bayram olduğunu bildirib.
Yüzlərlə Pirallahı sakininin, rayon ərazisindəki hərbi hissələrdə xidmət keçən zabit və əsgərlərin böyük maraqla izlədiyi bayram tədbiri mədəniyyət işçilərinin ifasında konsert proqramı və xalq gəzintisi ilə axşamdan xeyli keçənədək davam edib.