Şagirdlərimizin Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyası təşkil olundu
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 29 yanvar 2016-cı il tarixli 26 saylı sərəncamı ilə təsdiq edilmiş “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın icrası ilə bağlı yeniyetmə və gənclərin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə hörmət ruhunda tərbiyə olunması və gələcək nəsillərin qan yaddaşının möhkəmləndirilməsi məqsədilə məktəbimizin X-XI sinif şagirdləri hərbi rəhbər Mustafayev Əbdülxaliq və Pirallahı rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mirzəyev Cəlilin rəhbərliyi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun “Memorial Soyqırımı Muzeyi”ni ziyarət ediblər. Qeyd edək ki, muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 m2 sahədə yerləşib. Muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci ilin fevralın 26-da Prezident İlham Əliyevin rəhbərliyi altında 100 mindən artıq insanın Xətai rayonu ərazisində yerləşən "Ana harayı" abidəsinə keçirilmiş yürüşünün iri həcmli fotoşəkli yerləşdirilib.Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Muzeydə həmçinin qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların, fotoşəkilləri və əşyaları, erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də nümayiş etdirilir. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılıb.Muzeyin əməkdaşı tərəfindən muzey barədə şagirdlərimizə ətraflı məlumat verilmişdir. Ekskursiyanın yekununda şagirdlərimiz muzeyin akt zalında ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsgərlərlə görüşündən və milli qəhrəman Mübariz İbrahimovdan bəhs edən videoçarxa baxış keçiriblər.