Şagirdlərin dərsə davamiyyəti müzakirə edilib
24. 02. 2016-cı il tarixində məktəbimizdə “Şagirdlərin dərsə davamiyyətinə təsir göstərən amillər” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbimizin pedaqoji kollektivinin üzvləri, IX, X, XI sinif şagirdləri və onların valideynləri, eləcə də Pirallahı rayon icra hakimiyyətinin nümayəndələri də iştirak ediblər.Tədbiri giriş sözü ilə məktəbimizin direktoru Mikayılov Şakir öz çıxışında qeyd edib ki, bir neçə il bundan əvvəl məktəbin istilik sisteminin bərbad vəziyyətdə olması, qış aylarında şagirdlərin dərsə davamiyyətinə mənfi təsir göstərən amillər sırasında birinci yeri tuturdu. Ancaq son illərdə rayonumuzda, eləcə də məktəbimizdə həyata keçirilən təmir tikinti, yenidən quruculuq və abadlaşdırma tədbirləri çərçivəsində bütün bu problemlər tamamilə aradan qaldırılıb. Yəni şagirdlərin dərsdən yayınmaları üçün heç bir səbəb ola bilməz.Daha sonra tədbiri öz çıxış nitqi ilə davam etdirən Pirallahı rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mirzəyev Cəlil bildirib ki, şagirdlərin təhsilə davamiyyəti, ilk növbədə, valideyn məsuliyyəti və məktəblərdə davamiyyətə olan nəzarət işlərinin təşkili ilə birbaşa əlaqədardır. Uşaqların təhsildən yayınmasına şərait yaradan əsas amillər kimi valideynlərin uşaqların təhsilə olan davamiyyətinə az diqqət yetirməsi və məlumatsızlığını qeyd etmək olar. Bundan başqa, məktəblərdə davamiyyətlə bağlı qeydlərin aparılmasına da ciddi diqqət yetirilməli və bu işə nəzarət artırılmalıdır. Şagirdlərin dərsə davamiyyətinə bilavasitə məktəb rəhbərləri cavabdehdirlər. Onlar davamiyyətə gündəlik nəzarət etməli, belə uşaqların valideynləri ilə görüşüb dərsdən yayınmanın səbəblərini araşdırmalı və müvafiq tədbirlər görməlidirlər. Tədbirin yekununda mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının suallarına məktəb rəhbərliyi və icra hakimiyyətinin nümayəndələri tərəfindən cavab verilib.