“Ana dilimizi sevək, qoruyaq!” adlı ədəbi-bədii kompozisiya

21. 02. 2016-cı il tarixində məktəbimizin akt zalında 21 fevral Beynəlxalq Ana dili günü münasibətilə “Ana dilimizi sevək, qoruyaq!” başlığı altında ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə Pirallahı rayon icra hakimiyyətinin nümayəndələri, məktəbimizin pedaqoji kollektivi, eləcə də şagird və valideyn heyətinin üzvləri iştirak etmişdir. Tədbirin keçirilməsinin səbəbkarları ibtidai sinif müəllimlərimiz Muradova İradə və Əmirova Xırdaxanım olmuşdur. Bəstəkar Emin Sabitoğlunun “Şirin dil” mahnısı ilə başlanan tədbiri giriş sözü ilə açan İradə müəllimə qonaqları salamladıqdan sonra tədbir iştirakçılarına ana dilimizin anamız qədər əziz olduğundan, dil haqqında dəyərli fikirlərdən, ana dilimizin qorunub saxlanılmasında, inkişaf etdirilərək bu günkü səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən geniş bəhs etdi. O həmçinin qeyd etdi ki, "Fevralın 21-i bütün dünyada ümumdünya Ana Dili Günü kimi qeyd olunur. Bu gün 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsüylə YUNESKO tərəfindən ümumdünya Ana Dili Günü elan edilib. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Daha sonra tədbir məktəbimizin I və IV sinif şagirdlərimizin ifasında səsləndirilən, dilimizin gözəlliyini, təmizliyini özündə əks etdirən bədii kompozisiya ilə davam etmişdir. Körpə fidanlarımızın dilindən səslənən şeirlər, mahnılar, səhnəciklər və digər ifalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Tədbirin yekununda çıxış edən məktəbimizin tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda bildirmişdir ki, xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir, şeirlərimiz, mahnılarımız, incəsənətimiz, xalqımıza mənsub olan adət-ənənələrimizdir. Bu kimi tədbirlər vasitəsilə insanlara öz doğma dilini daha çox sevmək və onu qorumağın zəruriliyi aşılanır. Hər bir xalqın dili onun qürur yeridir. Biz pedaqoqların qarşısında duran əsas vəzifələrdən biri də, bütün bunların əhəmiyyətini şagirdlərimizə layiqincə aşılamaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi