“Ölkəmizi tanıyaq”

Noyabrın 16-da Pirallahı qəsəbəsində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində rayon məktəbliləri ilə görüş  keçirildi. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH əməkdaşları, Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ümumtəhsil müəssisələrin direktorları, “Ölkəmizi tanıyaq” tur-aksiyasını iştirakçıları və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.

Əvvəlcə tədbir iştirakçılarına “Ölkəmizi tanıyaq” layihəsi ilə bağlı videoçarx nümayiş olundu.

Sonra Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxışında qeyd etdi ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası Prezident İlham Əliyevin təşəbbüsü ilə 2014-cü ilin avqust ayından təşkil olunur. Layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir. Bu layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Bildirildi ki, doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür. Diqqətə çatdırıldı ki, 4 il ərzində 7 istiqamət üzrə 9 tur-aksiya təşkil edilib. Növbəti 10-cu tur-aksiyasının Lənkəran-Masallı-Astara istiqaməti üzrə təşkil edildiyini söyləyən rayon rəhbəri, məktəblilər arasında biliyi və istedadı ilə seçilən 40 nümunəvi şagirdin noyabr ayının 18-dən 21-dək Lənkəran, Masallı və Astaraya səfər edəcəklərini bildirdi.

Tədbirdə çıxış edən ziyalılar, tur-aksiya iştirakçıları və onların valideynləri bu önəmli layihəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Noyabrın 18-də Pirallahı rayonunun ümumtəhsil məktəblərinin təhsildə fərqlənən 40 nəfər şagirdinin yolasalma mərasimi keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH əməkdaşları, ziyalılar, məktəb direktorları, KIV nümayəndələri, valideynlər iştirak etdilər. Qeyd edildi ki, növbəti 10-cu tur-aksiyada rayon məktəbliləri arasında biliyi və istedadı ilə seçilən 40 nümunəvi şagirdi noyabr ayının 18-dən 21-dək Lənkəran, Masallı və Astaraya səfər edəcəklər. Bu bölgə sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir.

Lənkəranda “Qoşa qala” qapılarına, Həzi Aslanovun ev-muzeyinə, Dairəvi qalaya, Mayak binasına, Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyalarına, sitrus meyvə bağlarına, Astarada şəhər bulvarına, “Yanar bulağ”a və “Astaraçay” çay fabrikinə, Masallıda Tarix-Diyarşünaslıq Muzeyinə, Uşaq İncəsənət Məktəbinə, Dövlət Rəmzləri Muzeyinə, “ASAN Həyat” kompleksinə, Masallı Sənaye Məhəlləsinə və Viləşçay su anbarına ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoyacaq.

Tədbirdə çıxış edən müəllimlər, valideynlər, məktəblilər onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildirdilər və gənc nəsil üçün yaradılan şəraitdən söz açdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi