“Bir kərə yüksələn bayraq bir daha enməz!”
Noyabrın 8-də məktəbdə 9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Şagirdləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Dövlət Bayrağı Gününə həsr olunan sinif saatları, ədəbi-bədii gecə təşkil edilib. Eləcə də dövlət atributlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri təşkil olunub.
“Bir kərə yüksələn bayraq bir daha enməz!” adlı tədbirdə məktəb rəhbərliyi, ibtidai sinif müəllimləri və şagirdləri iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri açıq elan edən tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova bayrağımızın yaranma tarixi, ilk dəfə 1918-ci il noyabrın 9-da dalğalanması, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri haqqında məlumat verib. Həmçinin qeyd edib ki, ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilən Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir.
Sonra söz şagirdlərə verilib. Əsl bayram ruhunda olan tədbir ayrı-ayrı sinif şagirdlərinin bir-birindən maraqlı hazırladıqları çıxışlarla davam edib. Şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Tədbirdən sonra 3 c sinfinin rəhbəri Pərvanə İsmayılova şagirdləri ilə birlikdə Pirallahı rayonunda yerləşən "Vətən uğrunda " abidə kompleksini ziyarət edərək abidə önünə qərənfillər düzüblər.