"Şəhidlər bizim and yerimizdir" adlı ədəbi bədii kompozisiya
Heydər Əliyev: "Hər bir şəhid millətin mənəvi ucalığıdır. Şəhidlik milləti yüksəldən, milləti millət edən amillərdən biridir. Biz bunu yüksək qiymətləndirərək, şəhid olan insanların xatirəsini qəlbimizdə daim yaşatmalıyıq." BŞTİ-nin 11.01.2016-cı il tarixli 5 nömrəli əmrinə əsasən 20 Yanvar faciəsinin 26-cı ildönümünün qeyd edilməsi ilə əlaqədar məktəbimizdə tədbirlər davam edir. Bu məqsədlə məktəbimizin tədbirlər planına əsasən foto - stendlər, guşələrin, divar qəzetlərinin hazırlanması, rəsm sərgilərinin təşkili məsələləri əksini tapıb. Həmçinin 20 Yanvar faciəsi ilə əlaqədar ədəbi - bədii kompozisiyaların keçirilməsi də planda icrası nəzərdə tutulmuş vacib məsələlərdəndir. Yanvarın 19-da məktəbdə "Şəhidlər bizim and yerimizdir" adlı ədəbi bədii kompozisiya keçirildi. Tədbirdə məktəbin şagird və müəllim kollektivi, həmçinin Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. 20 yanvar faciəsinin şəhidləri və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra çıxış edən məktəbin tarix müəlliməsi Sadıqova Səkinə 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəbləri və ağır mənəvi, psixoloji və sosial nəticələri barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaqdır. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə qəlbimizdə uca tutulacaqdır. Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdirilmiş, şagirdlərin ifasında öz şərəfli ölümləri ilə tarix yazmış qəhrəman Vətən övladlarına həsr edilmiş şeirlər səsləndirilmiş və qanlı Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Sonda məktəbin direktoru Mikayılov Şakir çıxış edərək belə tədbirlərin şagirdlərdə milli qürur hissinin formalaşmasında oynadığı müstəsna roldan danışdı. Direktor Vətənpərvərliyin təbliği baxımından bü cür tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətindən söz açdı. Şagirdləri vətənpərvərliyə səslədi.Qeyd edək ki, tədbir məktəbin tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda və uşaq birliyinin rəhbəri Abasova Zülfünaz tərəfindən hazırlanmışdı.