Məktəbimizdə "Son zəng" keçirilib

    İyunun 14-də ölkəmizin hər bir guşəsində olduğu kimi bizim məktəbdə də “Son zəng keçirilib. Son zəngin vurulması ilə 2017-2018-ci tədris ilinin başa çatması qeyd olunub, məktəbin 11-ci sinif şagirdləri məzun adını qazanaraq doğma məktəbə vida ediblər. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Həsən Niftəliyev, YAP Pirallahı Rayon Təşkilatının sədri Hikmət Şikarov, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. İlk olaraq, Azərbaycan Respublikasının Dövlət himninin möhtəşəm sədaları altında şanlı üçrəngli bayrağımızın ucaldılması ilə başlayan tədbiri məktəbin direktoru Mehparə  Mansırova öz çıxışı ilə açıq elan edib. O, bu günü məktəbimiz və müəllimlərimiz üçün ən əlamətdar, xoş günə çevirərək məzunlarımızın sevincinə sevinc qataraq gələn qonaqlara pedaqoji heyət adından dərin minnətdarlığını bildirib, məzunları təbrik edərək onlara uğurlar arzulayıb. Mehparə müəllim 2017-2018-ci  tədris ilinin Azərbaycan Respublikası Təhsil  Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən "Ümumi təhsildə keyfiyyət  ili" elan olunmasını bir daha vurğulayıb. O, öz çıxışında tədbir iştirakçılarına keyfiyyət ili çərçivəsində məktəbin, müəllim və şagirdlərin qazandığı nailiyyətlərdən, məzunların uğurlarından bəhs edərək şagirdlərimizin müxtəlif müsabiqə və yarışların iştirakçıları olduqlarını qeyd edib və bu müsabiqələrdə müxtəlif fəxri fərmanlara, diplomlara layiq görüldüyünü vurğulayıb. Belə ki, mart ayında məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi  Sevda Alxasova cənab Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif olunub. 8-ci sinif şagirdi Həsənli Kamran "IX Rus dili və ədəbiyyatı" olimpiadasının qalibləri sırasında yer alıb. Məktəbin "Kimyaçılar" komandası BŞTİ-nin təşkil etdiyi gənc kimyaçıların yaradıcılıq müsabiqəsində rayon  üzrə birinci yer qazanıb, final mərhələsində də öz bilik və bacarıqlarını  nümayiş etdiriblər. Bundan əlavə şagirdlərimiz idman sahəsində də xeyli uğur qazanaraq dəfələrlə rayon birincisi olublar.

    Daha sonra çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Həsən Niftəliyev  məzunlara əlamətdar gün münasibətilə RİH başçısı Vasif İmanovun təbriklərini çatdırıb. H.Niftəliyev vurğulayıb ki, bu məktəb öz müsbət cəhətləri ilə həmişə seçilib, ali məktəblərə qəbul zamanı ən yüksək nəticə məhz 168 nömrəli məktəbdə olub.

    Sonra söz məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevda Alxasovaya verilib. S.Alxasova müəllimləri, məzunları və onların valideynlərini təbrik edib, tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, yaz imtahanının nəticələrinə əsasən bu il məktəbin 11 a sinif şagirdi Adıgözəlova Leyla Elşən qızı 686 balla rayon üzrə ən yüksək nəticə göstərib.

    Tədbirin davamı prosesində məzunların valideynləri çıxışlarında müəllimliyin necə çətin bir peşə olduğunu qeyd ediblər. Valideynlər bütün müəllimlərə minnətdarlıqlarını bildirərək, onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayıblar.

    Tədbir məzunların  hazırladıqları musiqi və rəqslərlə davam edib. İbtidai sinif şagirdlərinin hazırladıqları rəqslər tədbir iştirakçılarının əhval-ruhiyyəsini yüksəldib.

    Tədbirin yekununda məzunlar məktəbin simvolik “Bilik Açarı”nı I sinif şagirdlərinə təhvil verib. Sonda "Son zəng"  səslənib. Bu zəng artıq onları siniflərə deyil, müstəqil həyata səsləyib.

    https://www.youtube.com/watch?v=tLaK4hQ6F10

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi