Məktəbəhazırlıq qrupunun şagirdləri kursu uğurla başa vurublar
Məktəbin məktəbəhazırlıq qrupunun şagirdləri mayın 30-da kursu uğurla başa vurublar. Şagird sayından asılı olaraq məktəbimizdə iki məktəbəhazırlıq qrupu açılmışdır. Bu qrupların təşkil olunmasında məqsəd 5 yaşlıların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığı artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir. Məktəbəhazırlıq təhsili ibtidai təhsilə keçidi asanlaşdırır və uşağın ibtidai təhsilə adaptasiya olunmasına kömək edir. Qeyd edək ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitq inkişafı, bədii təfəkkürün inkişafı, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət, musiqi və fiziki mədəniyyət dərs məşğələləri tədris olunub. Gün ərzində keçirilən 3 məşğələnin hər birinin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Şagirdlərə məktəb rəhbərliyi tərəfindən hazırlıq kursunda il ərzində verilən tapşırıqları yerinə yetirərək ilkin bilik və bacarıqlara yiyələndiklərinə görə diplomlar təqdim olunub. Biz də öz növbəmizdə balaca şagirdlərimizi təbrik edirik, uğurlarının davamlı olmasını arzulayırıq.