Narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib
Mayın 22-də məktəbdə “Narkomaniya və narkobiznes insan hüquqları üçün böyük təhlükədir” mövzusunda tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov, Pirallahı Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov, Bakı şəhəri Narkoloji Dispanserin həkimi-narkoloq Yaşar Bədəlli, RİH-in əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak ediblər. İlk öncə tədbir iştirakçılarına mövzuya dair sənədli film nümayiş olunub.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri Vəzir Səfixanov qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, müstəqillik əldə edildikdən sonra bir sıra problemlər kimi narkomaniya probleminə qarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyi də ön plana çıxmışdır və problemə münasibətdə yeni mərhələ başlanmışdır. Pirallahı Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov, Bakı şəhəri Narkoloji Dispanserin həkimi-narkoloq Yaşar Bədəlli və başqaları çıxış edərək narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə fəsadlar vurduğunu bildiriblər, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb. Tədbirin sonunda rayon məktəblilərinin hazırladığı mövzuya dair ədəbi-bədii kompozisiya nümayiş etdirildi.