“Tək qaldı Şuşa qalamız” adlı xüsusi dərs keçirilib
Mayın 8-də məktəbdə tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda, UBR Abasova Zülfünazın təşkilatçılığı ilə Şuşanın işğalının 26-cı ildönümü əlaqədar “Tək qaldı Şuşa qalamız” adlı xüsusi dərs keçirilib. Azərbaycan dili və ədəbiyyatı müəllimi Alxasova Sevda şagirdlərə məlumat verərək bildirib ki, Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri artıq iyirmi altı ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı altındadır. Düz iyirmi altı ildir ki, yadlar tapdağı altında olan Şuşa ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağılagəlməz cinayətlərə əl atmışlar. Nadir tarixi-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanalar talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə “Qafqazın cənnəti” adlandırılan yerlər xarabalığa çevrilmişdir. Müəllim Şuşa şəhərindən qaçqın düşmüş bir Şuşa sakini olaraq acı xatirələrini şagirdlərlə bölüşüb. O, şagirdlərə həmin dövrlərdə baş vermiş faciələrdən danışıb, mənfur ermənilərin törətdikləri cinayətləri onlara çatdırıb. Şagirdlər Şuşaya aid şeirlər, bayatılar söyləyib, təqdimatlar hazırlayıblar.