Sınıq qəlbləri ovunduraq - Bilgəh Qocalar evini ziyarətimiz..

Bəzən şəraitsizlik, bəzən imkansızlıq, bəzən də kimsəsizlik yaşlı insanların yolunu "Qocalar evi"nə salır. Bu gün "Qocalar evi" artıq bir ehtiyaca çevrilib. Bu insanların hər biri dərdlidir. Kiminin dərdi övlad nankorluğu, kimininki isə kimsəsizlik....... Bəzən imkansızlıqdan, bəzən isə bütün imkanları ola-ola övladlar öz valideynlərini dövlətin himayəsinə verirlər. Məktəbimizin 5-ci sinif şagirdləri sinif rəhbərləri Musayeva Sevdanın və Abusətdarova Səbuhənin təşkilatçılığı ilə ilin son istirahət gününü Bakının Bilgəh qəsəbəsindəki Qocalar evinin ahıllarıyla birlikdə keçirib. Bu xeyriyyə tədbirinin əsas məqsədi, şagirdlərimizi orada yaşayan insanların düşdüyü vəziyyətlə tanış etmək, həmçinin ictimaiyyətin diqqətini onların üzərinə çəkməkdən ibarət olub. Şagirdlərimiz valideynlərinin və məktəb kollektivimizin iştirakı ilə topladıqları vəsaitlə aldıqları qida məhsullarını, geyim əşyalarını və digər hədiyyələri qocalara təqdim ediblər. Övlad qayğısından, nəvə sevgisindən, nəvazişindən məhrum olmuş ahıllarla ünsiyyətdən olduqca məmnun olmuş şagirdlər onlarla ayrı-ayrılıqda görüşərək söhbət etmiş kimsəsizlərə maddi və mənəvi dayaq olmağa çalışmışlar. Bundan əlavə şirin şəkər balalarımız sinif rəhbərlərinin təşkilatçılığı ilə hazırladıqları bayram tədbiri ilə çıxış ediblər. Tədbiri ilk olaraq giriş sözü ilə açan müəllimlərimiz ahılları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Daha sonra öz “tamaşaçılar”ı qarşısında çıxış edən balacalar şeir, mahnı, əyləncəli səhnəciklərlə bir müddətlik də olsa qocaların qəlbini ovundurub, onları olduqlarından fərqli, başqa bir dünyaya aparıb simalarında gülüş, təbəssüm yaratmağa çalışmışlar. Tədbirin yekununda ahıllar, xüsusən də şagirdlər və valideynlər belə görüşlərin tez-tez keçirilməsini arzulamışlar. Onlar müəllimlərinə bu cür nəcib aksiyanı həyata keçirməyə şərait yaratdıqları, xeyir əmələ, xeyirxah işə səbəb olmağa fürsət verdikləri üçün öz təşəkkürlərini bildiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi