Aprel döyüşlərinə həsr olunmuş tədbirlər keçirilib
Məktəbdə 2016-cı il Aprel döyüşlərinə həsr olunmuş bir sıra tədbirlər keçirilib. Tədbirlərin keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik hissini yüksəltmək, Vətəni, torpağı sevmək, ona bağlılıq hisslərini aşılamaqdır.
Aprelin 2-də ibtidai sinif müəllimi Balayeva Aynurə müzakirə xarakterli xüsusi dərs keçib. O, 2016-cı ilin aprel ayında Vətən uğrunda canlarından keçən şəhidlərimiz haqqında geniş məlumat verib. Müəllim Aprel döyüşlərində Azərbaycan xalqının nəyi qazanıb, nəyi itirməsi barəsində şagirdlərlə müzakirə aparıb. Döyüşlərdə şücaətlik göstərən şəhidlərimizin həyatından bəhs edən videoçarxlar göstərilib.
Aprelin 3-də ordumuzun qəhrəman oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə “Vətəndən pay olmaz, Vətən bölünməz!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarı altında məktəbin yaxınlığında yerləşən “Vətən uğrunda” abidəsinə yürüş keçirilib. Yürüşdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak ediblər.
Aprelin 4-də tarix müəllimi Zeynalova Aygün tərəfindən “Qəhrəmanlar döyüşdə doğulur” adlı dəyirmi masa keçirilib. O, öz çıxışında qeyd edib: "Anadan olanda heç kim dünyaya qəhrəman kimi gəlmir. Qəhrəmanlar döyüşdə doğulur". Bu baxımdan 2016-cı ilin apel ayında Azərbaycanın növbəti qəhrəmanları doğuldular.
Müəllim Ermənistanda ordudan kütləvi yayınma və fərarilik halları olduğunu, Ermənistan rəhbərliyinin məcburən döyüşlərə qadınları və xidmət yaşları ötmüş insanları cəlb etmələri, belə aciz bir addımın atılmağının da son nəticəsi Ermənistana baha başa gəldiyi barədə fikirləri ilə çıxışını tamamlayıb.
Dörd günlük aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, ordumuzun peşəkarlığını o qədər də geniş şərh etməyə yəqin ki, ehtiyac yoxdur. Yüksək peşəkarlıq, ciddi nizam intizam, lazımi səviyyədə təchizat, yetərli maddi-texniki baza, şəxsi heyətin ruh yüksəkliyi, sağlam zabit - əsgər münasibəti, hərbi və əməliyyat tapşırıqlarının yerinə yetirilməsində elmi və praktiki təcrübə kimi halları ordumuzun ünvanına qürur hissi ilə ünvanlaya bilərik.