“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərs keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilir. Dərslərin təşkil edilməsinin əsas məqsədi ulu Öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasıdır. Belə dərslərdən biri də martın 14-də məktəbin tarix müəllimi Sadıxova Səkinə tərəfindən 168,231, və 235 nömrəli tam orta məktəbin XI sinif şagirdlərinə keçirilib. Dərsdə Sadıxova Səkinənin ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynadığı barədə məruzəsi dinlənilib. Ümummilli Liderin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsinin böyük əhəmiyyətə malik olduğu vurğulanıb.
Məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından böyük əhəmiyyət daşıyan bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmalarına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmalarına xidmət edir.