Azərbaycan dili və ədəbiyyat müəllimimiz "Tərəqqi" medalına layiq görülüb
Azərbaycan Respublikası Prezidentinin 1 mart 2018-ci il tarixli Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərancamına əsasən Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 Mart-Beynəlxalq Qadınlar günü münasibətilə müxtəlif peşə sahələrinin bir sıra qadınları “Tərəqqi” medalı ilə təltif ediliblər. “Tərəqqi” medalına layiq görülən şəxslərdən biri də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Alxasova Sevda Ayaz qızıdır. Mükafatlandırılan qadınlara "Tərəqqi" medallarını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova təqdim edib. Qeyd edək ki, Alxasova Sevda Ayaz qızı 1984-cü ildən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə müəllim, Bilgəh qəsəbəsində açılmış Şuşa 11 nömrəli tam orta məktəbdə direktor müavini və müəllim işləyib. 1995-ci ildən bu günə kimi Pirallahı rayonunda yerləşən 168 nömrəli tam orta məktəbdə müəllim işləyir. 1997-ci ildən başlayaraq, hal-hazıra qədər Dövlət İmtahan Mərkəzində müqavilə ilə işləyir. Alxasova Sevda ənənəvi testlər və kurikulum standartları üzrə hazırlanan testlərin fəal tərtibçilərindəndir. 2003-cü ildə Bakı Şəhər Baş Təhsil İdarəsi və Təhsil Naziri tərəfindən “Təhsildə keyfiyyət ili” çərçivəsində keçirilən “Pedaqoji mühazirələr”də xüsusi fərqləndiyinə, təlimin keyfiyyətinin yüksəldilməsi ilə bağlı ideyaları, müasir təlim metodları və pedaqoji texnologiyaları şəxsi təcrübədə səmərəli həyata keçirdiyinə, elmi-nəzəri və təcrübi cəhətdən əsaslandırdığına, məruzənin aktuallığına, inkişafedici təlim, əməkdaşlıq pedaqogikası məsələlərinin əməli tətbiqini əks etdirdiyinə görə birinci dərəcəli diplomla təltif olunub. 2011,2013 və 2017-ci illərdə qəbul imtahanlarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə ekspert müəllim kimi fəaliyyət göstərmişdir. 2016-cı idə Təhsil Nazirliyinin ekspert müəllimi kimi müəllimlərin işə qəbulu (MİQ) zamanı müsahibə götürənlərdən biri olub. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.