"Ana dili günü"nə həsr olunmuş tədbir keçirilib
Bildiyimiz kimi ki, 1999-cu ildən 21 fevral tarixi YUNESKO tərəfindən “Beynəlxalq Ana Dili Günü” elan olunub. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
21.02.2018-ci il tarixdə məktəbdə “Ana dili günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə iştirak edən ibtidai sinif müəllimi Əmirova Xırdaxanım şagirdlərə ana dilimizin keçdiyi yol haqqında geniş məlumat verib. O, çıxışında bildirdi ki, ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir. Bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. İnsanın təkamülündə ana dilinin rolu böyükdür.
Məktəbin uşaq birliyi rəhbəri Abasova Zülfünaz qeyd edib ki, 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. Konstitusiyamıza görə, heç kəs Ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.. Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.Tədbirdə ana dilinə aid şeirlər söylənildi, mahnılar ifa olundu.