"Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"nin final mərhələsi keçirilib
15 dekabr 2017-ci il tarixdə " Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"nin final mərhələsi Bakı Ali Neft Məktəbində keçirilib. Yarışdan öncə final mərhələsinə çıxmış komanda rəhbərləri və şagirdlər ali məktəblə yaxından tanış olublar. Məktəblilərə BANM-ın fəaliyyəti və tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib. Onlar universitetin elmi-tədqiqat laboratoriyalarındakı müasir avadanlıq və cihazlarla əyani şəkildə tanış olmaq imkanı da qazanıblar. Sonra final mərhələsində 15 komanda yarışıb. Həmin komandaların arasında 168 nömrəli tam orta məktəbin "Oksigen" komandası da iştirak edib. Komandalar 2 akademik saat ərzində ümumi təhsil və uşaq - gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər. Doğru cavablandırılan hər bir test tapşırığı 1, məsələ və təcrübə işi 5 balla qiymətləndiriləcək.
Həmçinin məktəblilər BANM-nin elmi-tədqiqat laboratoriyalarında təcrübə işi aparıb, nəzəri biliklərin praktik tətbiqi sahəsində özlərini sınayıblar.
Yarışdan sonra BANM-nin konfrans zalında tədbir keçirilib. İlk olaraq BANM-nin rektoru Elmar Qasımov final mərhələsinə vəsiqə qazanan məktəbliləri təbrik edib. Rektor bu cür müsabiqələrin keçirilməsinin şagirdlərin bilik və bacarıqlarının inkişafında, onların texniki fənlərə marağının daha da artırılmasında və təlimə motivasiyasının yüksəldilməsində mühüm rol oynadığını bildirib.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva universitetin rəhbərliyinə və kollektivinə müsabiqənin final mərhələsinin təşkilində yaradılan şəraitə görə təşəkkürünü bildirib. İdarə müdiri müsabiqənin məktəblilərin kimya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edildiyini söyləyib.
Final mərhələsinin nəticəsinə əsasən qaliblər müəyyənləşdiriləcək.
https://www.youtube.com/watch?v=KlCzgCVJ4MU