Beynəlxalq “Bebras” müsabiqəsindəki uğurlarımız
Dünən məktəbimizdə Azərbaycan ACM bölməsinin təşkil etdiyi informatika üzrə beynəlxalq "Qunduz" ("Bebras") müsabiqəsində iştirak edərək yüksək nəticə göstərib beynəlxalq sertifikata layiq görülən şagirdlərimizin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbimizin informatika müəllimi, həm də Pirallahı rayonu üzrə müsabiqənin koordinatoru olan Səmayə müəllimə tədbir iştirakçılarına müsabiqə haqda ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, Beynəlxalq “Bebras” müsabiqəsi proqramlaşdırma bilikləri olmayan şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini qiymətləndirmək üçün hazırlanıb. Onlayn rejimdə keçirilən müsabiqə zamanı şagirdlər 40 dəqiqə ərzində 15 suala cavab verir. Səmayə müəllimə öz çıxışında qeyd etmişdir ki, "Bebras" (Qunduz) müsabiqəsinin ideyası Vilnüs Universitetinin professoru Valentina Daqen tərəfindən beynəlxalq təşəbbüs kimi irəli sürülüb və müsabiqənin "Qunduz" adlandırılması ideyası onun 2003-cü ildə Finlandiyaya səfəri zamanı meydana gəlib. İnadkar, zəhmətsevərliliyi, məqsədinə çatana qədər cəhd göstərməsi kimi xüsusiyyətləri müsabiqənin də məhz bu ağıllı heyvanın şərəfinə adlandırılması ilə nəticələnib. Beləliklə, ilk müsabiqə 2004-cü ildə Litvada keçirilib. Məktəbimiz bu beynəlxalq müsabiqədə 2014-cü ildən iştirak edir. Sevindirici haldır ki, keçən il məktəb üzrə müsabiqədə iştirakçı olub sertifikat alan 2 şagird olduğu halda, bu il artıq şagirdlərin sayı 20 nəfərə çatmışdır. Daha bir təqdirəlayiq hal isə odur ki, müsabiqədə yüksək nəticə göstərərək sertifikat alan şagirdlərin 5 nəfəri ibtidai sinif şagirdlərimizdir. Daha sonra çıxış edən direktorun təlim-tərbiyə işləri üzrə müavini Böyükişiyeva Kəklik şagirdlərimizin bu səpkidə olan müsabiqə və yarışlarda iştirakının əhəmiyyətini iştirakçıların nəzərinə çatdırmışdır. Dünyada informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir zamanda təhsilimizin ölkəmizin bütün sahələrində olduğu kimi bu sahəyə də təsirinin mühüm önəm kəsb etdiyini, şagirdlərimizin bu uğurunun bütövlükdə məktəbimizin uğuru, müəllimlərimizin gərgin əməyinin bəhrəsi olduğunu bildirmişdir. Direktorun tərbiyə işləri üzrə təşkilatçı müavin Rəhimova Sevda öz çıxışında şagirdərimizin hər birinin uğuruna ürəkdən sevindiyini, onlarla fəxr etdiyini qeyd etmiş, Səmayə müəlliməyə müsabiqəni yüksək səviyyədə keçirdiyi, şagirdlərimizdə bu sahəyə maraq və həvəs oyadaraq fənni sevdirdiyi, müsabiqəyə daha çox şagird cəlb etdiyi üçün məktəb rəhbərliyi adından öz dərin minnətdarlığını bildirmişdir. Tədbirin yekununda sertifikata layiq görülən 20 nəfər şagirdin məktəb rəhbərliyi tərəfindən mükafatlandırma mərasimi həyata keçirilmişdir.