Məktəbimizdə "İngilis dili aylığı" çərçivəsində 1 b sinfində ilk dərsdinləmə keçirildi
Məktəbdaxili fəaliyyət planına uyğun olaraq məktəbimizdə fənn aylıqlarının keçirilməsi prosesi davam etdirilir. Belə ki, noyabr ayı məktəbimizdə ” İngilis dili aylığı” təyin edilmişdir. “İngilis dili aylığı” çərçivəsində şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə, müstəqillik, dərketmə qabiliyyəti, idrak fəallığı səviyyəsinin öyrənilməsi, müəllim–şagird münasibətlərinin təhlili məqsədi ilə dərsdinləmələr keçirilir. Aylıq çərçivəsində ilk dərsdinləmə 13 noyabr tarixində ingilis dili müəllimləri Zeynalova Failə və Bağırova Qiymətin rəhbərliyi ilə 1 B sinfində keçirdiyi açıq dərs olmuşdur. Dərsdinləmə prosesində məktəbimizin direktoru Mansırova Mehparə, təlim tərbiyə işləri üzrə direktor müavini Böyükkişiyeva Kəklik və 1 B sinfinin sinif rəhbəri Mikayılova Nigar iştirak etmişdir. Cəmi 3 aydır ki, təhsil pilləsinə ilk qədəmlərini basaraq elmlərin ən uca zirvələrinin fatehi olmağa səfərbər olmuş birincilərimiz dərs prosesində öhdəliklərinə düşən vəzifələrin öhdəsindən böyük məharət və ustalıqla gəlməyi bacardılar. Dərs prosesində fənn müəllimlərimiz fəal təlim metodlarından, forma və üsullarından bacarıqla istifadə etdilər. Şagirdlərə müxtəlif səpgidə hazırlanmış slaydlar nümayiş olundu. Şagirdlərin qısa zaman ərzində ingilis dilində sərbəst danışmaqları, onlara ingilis dilində deyilən hərəkətləri dərhal anlamaları və yerinə yetirmələri Failə müəllimə ilə Qiymət müəllimənin gərgin əməyinin nəticəsindən irəli gəlir. Dərs böyük həvəs və maraqla dinlənildi. Dərsdinləmə prosesində iştirak edən məktəb rəhbərliyi sonda dərsin gedişatını öz xoş sözləri ilə müsbət olaraq qiymətləndirdilər. Dərsin onlarda xoş əhval-ruhiyyə, müsbət emosiyalar yaratdığını xüsusi olaraq vurğuladılar. Körpə fidanlara yenicə addımlamağa başladıqları elm, təhsil yolunda bol-bol uğurlar, müvəffəqiyyətlər diləyərk, 11-ci sinfin sonunadək bu cür böyük həvəs, uğurla irəliləməyi arzu etdilər.