“Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyada iştirak edən məktəblilərlə görüş və onların yolasalma mərasimi keçirildi
10 noyabr 2017-ci il tarixdə Pirallahı qəsəbəsində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində rayon məktəbliləri ilə görüş keçirildi. Keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH əməkdaşları, təşkilat rəhbərləri, ümumtəhsil müəssisələrin direktorları, “Ölkəmizi tanıyaq” tur-aksiyasını iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak etdilər. “Ölkəmizi tanıyaq” layihəsi ilə bağlı videoçarx tədbir iştirakçılarına nümayiş olundu. Tədbir iştirakçılarına bildirildi ki, doğma Azərbaycanın ayrı-ayrı guşələrinin məktəblilər tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olmaları baxımından maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür. 11 noyabr 2017-ci il tarixdə Pirallahı rayonunun ümumtəhsil məktəblərinin təhsildə və ictimai işlərdə fərqlənən 40 nəfər şagirdinin yolasalma mərasimi keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, RİH əməkdaşları, ziyalılar, məktəb direktorları, KİV nümayəndələri, valideynlər iştirak etdilər. Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov çıxışında qeyd etdi ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası Prezident İlham Əliyevin təşəbbüsü ilə 2014-cü ilin avqust ayından təşkil olunur. Layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir. Yolasalma mərasimində iştirak edənlərin diqqətinə çatdırıldı ki, 4 il ərzində 7 tur-aksiyası təşkil edilmişdir. Tur-aksiya noyabr ayının 11-14 tarixlərini əhatə edəcək. “Ölkəmizi tanıyaq” layihəsində fəal iştirak edən Pirallahı rayon məktəbliləri bu dəfə Qədim Nizami yurduna səfər edəcəklər. Onlar Gəncənin yeni xəritəsində öz əksini tapan müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, yaraşıqlı prospektləri, park və xiyabanları, sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olacaqlar. Tur-aksiyanın iştirakçıları şəhərin tarixi məkanlarına – Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsini görəcəklər. Bu tur-aksiya çərçivəsində səfərə çıxan Pirallahı rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Gəncə şəhəri ilə tanışlıqdan sonra Şəmkir və Göygöl rayonlarının səfalı guşələri, tarixi yerləri ilə tanış olacaqlar.