" Təmiz əllər sağlamlığın rəhnidir " mövzusunda maarifləndirici tədbir keçirildi
24 oktyabr 2017-ci il tarixində Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin akt zalında 168 və 235 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə Ümumdünya Təmiz əllər günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə GEM-nin əməkdaşları Cabbarova Samirə, Xudaverdiyeva Aygün, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının pediatrı Abbasova Almaz, məktəbin tibb bacısı Rüstəmova Könül və müəllimlər iştirak etdilər. Tədbiri giriş sözü ilə Almaz Abbasova açdı. O, çıxışında əllərin təmiz saxlanmasının həyatı əhəmiyyəti, sanitariya və gigiyena qaydalara riayət olunmadığına görə baş verən xəstəliklər haqqında məlumat verdi. Çirkli əllər vasitəsilə yaranan yoluxucu xəstəliklər barədə şagirdlərə ətraflı məlumat verdi və bildirdi ki, təhlükəli viruslardan, mikroblardan qorunmaq üçün əlləri vaxtaşırı yumaq lazımdır. Yeməkdən əvvəl əllərin təmiz yuyulmasının zəruri olduğunu şagirdlərin diqqətinə çatdırdı, əlləri sabunla yumaqla ağır infeksion xəstəliklərin qarşısını almağın mümkünlüyü vurğuladı. Daha sonra Cabbarova Samirə təmiz əllər, şəxsi gigiyena qaydaları, suyun həyatımızdakı rolu haqqında geniş məlumat verdi. Şagirdlərin mövzu ilə bağlı sualları ətraflı cavablandırıldıqdan sonra videoçarxlar göstərildi.