Səyyar qəbul keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin qəbulunu keçirməyə başlayıb. 6 oktyabr 2017-ci il tarixində növbəti səyyar qəbul Xəzər və Pirallahı rayonları üzrə keçirilib. Xəzər və Pirallahı rayonları üzrə 168 nömrəli tam orta məktəbdə keçirilən səyyar qəbula Pirallahı qəsəbəsində yerləşən 168, 186, 235, 243, Gürgən qəsəbəsində yerləşən 231, Çilov adasında yerləşən 131 nömrəli məktəblərin müəllim və valideynləri müraciət ediblər. Səyyar qəbullar saat 10:00-da başlayıb və vətəndaşların müraciəti bitənədək davam edib. Vətəndaşlar məktəblərin maddi-texniki təminatı, idman zalının müasir avadanlıqlarla təchiz olunması, məktəblərdə bəzi kitabların çatışmazlığı, istilik sistemi və təmirə ehtiyacı olan məktəblərin təmir edilməsi, kitabxanaçı və laborant vəzifələri üzrə işə qəbul müsabiqəsi, fənn kabinetləri və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilib.