Beynəxalq Sülh Gününə həsr edilmiş rəsm müsabiqəsi keçirildi
21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981- ci ilin sentyabrında qeyd olunub. Məktəbimizdə hər il bu günə xüsusi əhəmiyyət verilir. Ənənəvi olaraq bu il də məktəbimizin təsviri incəsənət müəllimi Həsənova Günelin təşkilatçılığı və rəhbərliyi ilə V-X sinif şagirdləri arasında Beynəlxalq Sülh Gününə həsr edilmiş “Mən Və Sülh” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqənin münsif heyəti olaraq məktəbimizin tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda, uşaq birliyinin rəhbəri Abasova Zülfünaz və məktəb psixoloqu Qəhrəmanova Röya seçilmişdir. Münsiflərin sözlərinə görə ötən ilkindən fərqli olaraq şagirdlər arasında bu müsabiqəyə maraq daha da artmışdır. Müsabiqə üçün təqdim olunan şəkillər arasında seçim etmək heç də asan olmamışdır. Qaliblər seçilərkən münsif heyət ən yaxşı, ən gözəl və mənalı rəsm əsərini seçməkdə çətinlik çəkiblər. Müsabiqənin yekununda I yer IX sinif şagirdi Tomarova Aysel, II yer X sinif şagirdi Rəfizadə Heydər, VIII sinif şagirdi Yusifov Çingiz isə III yerin qalibi seçilmişdir. Qaliblər məktəb rəhbərliyi tərəfindən təltifnamə ilə mükafatlandırılmışlar. Müsabiqənin yekununda tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda çıxış edərək hazırda dünyamızda baş verən posesslərdən və müharibələrin törətdiyi fəsadlardan söhbət açaraq müasir cəmiyyətimizdə sülhün və sülh gününün əhəmiyyətini xüsusi olaraq qeyd etmişdir. Sevda müəllimə müsabiqənin təşkilatçısı olan Günel müəlliməyə hər il ənənəvi olaraq bu cür möhtəşəm tədbiri həyata keçirdiyi üçün öz minnətdarlığını bildirmiş, gələcək fəaliyyətində uğurlar arzulamışdır.