"Uşaq Hüquqları Aylığı" çərçivəsində məktəbimizdə silsilə tədbirlər keçirilmişdir
oktyabrın 29-da məktəbimizin akt zalında 20 oktyabr - 20 noyabr Uşaq Hüquqlarının Müdafiəsi aylığı çərçivəsində Pirallahı rayonu üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivlərinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə həmçinin Pirallahı Rayon polis idarəsinin müavini Fəxrəddin Babayev, Pirallahı rayon icra aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Namiq Hüseynov da iştirak ediblərTədbiri giriş sözü ilə açan məktəbin direktoru Mikayılov Şakir tədbir iştirakçılarını və qonaqları salamlamış, bu cür tədbirin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirmişdir. O qeyd etmişdir ki, məktəbimizdə hər il aylıq çərçivəsində uşaq hüquqları üzrə bir sıra maarifləndirmə tədbirləri, yuxarı sinif şagirdləri arasında dəyirmi masalar, treninq-seminarlar keçirilir,inşa və rəsm müsabiqələri, sərgilər təşkil olunur. Daha sonra Pirallahı rayon icra aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Namiq Hüseynov Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan hüquqları, bu sahədə olan beynəlxalq sənədlər və müdafiə mexanizmləri, o cümlədən “Uşaq Hüquqları Konvensiyası” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun əsas müddəaları ilə bağlı iştirakçılara ətraflı məlumat verib. Pirallahı Rayon polis idarəsinin müavini Fəxrəddin Babayev “Hüquqlarımız haqqında nə bilirik?” mövzusunda məruzə ilə çıxış etmişdir. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra məktəbimizin ibtidai sinif müəlliməsi Əliyeva Nigarın “BMT-nin Uşaq Hüquqları Konvensiyası” mövzusunda hazırladığı video slaydlardan ibarət təqdimat işi proyektor vasitəsilə tədbir iştirakçılarına nümayiş olunub. Tədbirin yekununda tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevdanın təşkilatçılığı ilə V-VI sinif şagirdlərinin ifasında Uşaq Hüquqlarının Müdafiəsinə dair hazırlanmış bədii kompozisiya nümayiş etdirilmişdir. Tədbir yekunlaşdıqdan sonra qonaqlar və Pirallahı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagird müəllim heyəti məktəbimizdə “Uşaq Hüquqlarının Müdafiəsi”nə həsr edilmiş stend və rəsm sərgisi ilə tanış olublar.