“Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir”
Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “İslam Həmrəyliyi İli”nə və 15 sentyabr - Bilik gününə həsr edilmiş “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda Bilik Fondunun lektorlar qrupunun üzvləri olan tanınmış elm xadimləri, millət vəkilləri, jurnalistlər, Fondun yerlərdəki nümayəndələrinin ölkənin müxtəlif elm-təhsil müəssisələrində mühazirələri və maarifləndirici görüşləri təşkil olunub. Ölkənin müxtəlif bölgələrini əhatə edən tədbirlərdən biri də məktəbimizdə Bilik Fondunun Pirallahı Rayonu üzrə rəsmi nümayəndəsi, direktorumuz Mikayılov Şakir tərəfindən təşkil edilərək keçirilmişdir. Belə ki, Şakir müəllim 15 sentyabr - Bilik Günü tarixində məktəbimizin X sinif şagirdlərinə “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda dərs keçərək, şagirdlər qarşısında mühazirə ilə çıxış edərək islam həmrəyliyi ideyası, Azərbaycandakı multikultural ənənələr, formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat verdi. 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tələbinə uyğun olaraq, keçirilən tədbirlərin mahiyyətindən danışan natiq dini radikalizmə və ekstremizmə qarşı mübarizədə islam Həmrəyliyinin rolunu xüsusi olaraq şagirdlərin diqqətinə çatdırdı. Şakir müəllim öz məruzəsində Ulu öndər Heydər Əliyevin İslam həmrəyliyi ideyasının banisi olduğunu tarixi faktlar əsasında vurğuladı. Bildirdi ki, Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə daim dindarların problemləri ilə maraqlanıb, dövlət - din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində böyük işlər görüb, xarici siyasətdə İslam amilinə xüsusi önəm verib. Azərbaycan dövlətinin Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını möhtəşəm təşkil etdiyini qeyd edən Şakir müəllim bildirdi ki, müxtəlif sivilizasiyaları idman yarışları ətrafında birləşdirməsi nəticəsində “Gücümüz həmrəylikdədir” devizi altında keçirilən oyunlar dünyanın, xüsusən, islam ölkələrinin böyük rəğbətinə səbəb olub. Xarici qonaqlar ölkəmizdən dostluq, həmrəylik mesajları ilə ayrılıblar.