"Son zəng" çalındı

14 iyun tarixində ölkəmizin hər bir guşəsində olduğu kimi bizim məktəbdə də “Son zəng” tədbiri keçirildi. Son zəngin vurulması ilə 2016-2017-ci dərs ilinin başa çatması qeyd olundu, məktəbin 11-ci sinif şagirdləri məzun adını qazanaraq doğma məktəbə vida etdilər. Bugünkü “Son zəng” tədbiri əvvəlki illərdən fərqli olaraq daha möhtəşəm, daha əlamətdar və yaddaqalan oldu. Belə ki, məktəbin ən əziz qonaqları olan Azərbaycan Respublikası Təhsil nazirinin birinci müavini cənab Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təminat və təchizat sektorunun müdiri Şahin İsgəndərov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov öz gəlişləri ilə tədbirimizə əsl bayram abu-havası, sevinc bəxş edərək “Son zəng” gününü məktəbimizin pedaqoji heyəti və məzunlarımız üçün unudulmaz, yaddaqalan əziz bir xatirəyə çevirdilər. İlk olaraq, Azərbaycan Respublikasının Dövlət Himninin möhtəşəm sədaları altında anlı-şanlı üçrəngli bayrağımızın ucaldılması ilə başlayan tədbiri məktəbimizin direktoru Mikayılov Şakir öz çıxışı ilə açıq elan etdi. O, bu günkü günü məktəbimiz və müəllimlərimiz üçün ən əlamətdar, xoş günə çevirərək məzunlarımızın sevincinə sevinc qataraq gələn qonaqlara məktəbimizin bütün pedaqoji heyəti adından dərin minnətdarlığını, təşəkkürlərini bildirdi. Daha sonra Şakir müəllim ölkəmizdə gedən hərtərəfli inkişafdan danışaraq hər bir sahədə olduğu kimi təhsil sferasına da respublika Prezidenti cənab İlham Əliyevin və onun xanımının diqqət və qayğısı olduğunu xüsusi vurğuladı. O, öz çıxışında tədbir iştirakçılarına məktəbin nailiyyətlərindən, məzunlarımızın uğurlarından bəhs edərək şagirdlərimizin müxtəlif müsabiqə və yarışların iştirakçıları olduqlarını qeyd etdi və bu müsabiqələrdə müxtəlif fəxri fərmanlara, diplomlara layiq görüldüyünü vurğuladı. O, məzunları təbrik edərək onlara uğurlar arzuladı. Daha sonra çıxış edən Azərbaycan Respublikası Təhsil nazirinin birinci müavini cənab Ceyhun Bayramov öz çıxışında məzunları təbrik etdi, onlara əziz gündə səmimi və xoş arzularını çatdırdı. Ölkədə təhsilə qayğının ildən-ilə gücləndiyini vurğulayan C. Bayramov qeyd etdi ki, Prezident İlham Əliyevin elm və təhsilin, xüsusilə də ümumi təhsil məktəblərinin, peşə liseylərinin və məktəbəqədər təhsil müəssisələrinin inkişafına xidmət edən fərman və sərəncamlarına əsasən, Bakı və onun ətraf qəsəbələrində, eləcə də bölgələrdə müasir standartlara uyğun yeni məktəb binaları tikilib istifadəyə verilir, hazırda bu proses müvəffəqiyyətlə davam etdirilir. Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov məzunlara əlamətdar gün münasibətilə RİH Başçısı Vasif İmanovun təbriklərini çatdırdı. V. Səfixanov vurğuladı ki, ölkəmizdə gedən hərtərəfli inkişaf nəticəsində bu gün Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara, nüfuzlu tədbirlərə ev sahibliyi edir. O, bildirdi ki, ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da geniş quruculuq və abadlıq işləri aparılır, eyni zamanda təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir, rayonun bütün ümumi təhsil məktəblərinin müasir inventar və avadanlıqlarla təmin olunması istiqamətində zəruri işlər görülür.Tədbirin davamı prosesində çıxış edən məzunlarımızın valideynləri öz çıxışlarında müəllimliyin necə çətin bir peşə olduğunu qeyd etdilər. Onlar bütün müəllimlərə öz minnətdarlığını bildirərək onlara öz çətin və məsuliyyət dolu işlərində uğurlar arzuladılar. Tədbir məzunların hazırladıqları musiqi və rəqslərlə davam etdi. Tədbirin yekununda məktəbin simvolik “Bilik Açarı”-nı məzunlar I sinif şagirdlərinə təhvil verdi. Sonda son zəng səsləndi. Bu zəng artıq onları siniflərə deyil, müstəqil həyata səsləyirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi