4 “B” sinif şagirdlərinin “Əlvida ilk müəllimim” adlı buraxılış gecəsi keçirildi
08. 06. 2017-ci il tarixində məktəbimizin akt zalında 4 “B” sinif şagirdlərinin “Əlvida ilk müəllimim” adlı buraxılış gecəsi keçirilib. Tədbirdə şagirdlərlə yanaşı, onların valideynləri və məktəbin müəllim kollektivi, eləcə də Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Həşimov Elturan müəllim qonaq qismində iştirak edib. Buraxılış gecəsi şagirdlərin Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında aylı-ulduzlu, üçrəngli, fəxr, qürur simvolumuz olan dövlət bayrağımızı dalğalandıraraq akt zalına daxil olması ilə başlayıb. Daha sonra şagirdlər 4 il ərzində ilk müəllimlərindən öyrəndikləri bilik və bacarıqları nümayiş etdirib. Onların böyük məharətlə ifa etdikləri mahnı və şeirlər, rəngarəng rəqslər tədbir iştirakçıları tərəfindən böyük maraq, gurultulu alqışlarla qarşılanıb. 4-cü sinif şagirdlərindən ibarət şən və hazırcavabların göstədikləri “İbtidai sinifdə valideyn iclası” adlı yumoristik səhnəcik qonaqların zövqünü oxşayaraq, onlara gülüş dolu unudulmaz anlar yaşadıb. Müəllimlərinin böyük zəhməti hesabına şagirdlərin göstərdikləri fəallıqları tədbir iştirakçılarında xoş təəsüratlar yaradıb. Buraxılış tədbiri qonaqlar və tədbir iştirakçıları tərəfindən şagirdlərin bu vaxta qədər aldıqları bilik və bacarıqların hesabatı kimi dəyərləndirilib. Məktəbin direktoru Mikayılov Şakir öz çıxışında bildirmişdir ki, hər bir müəllimin ən böyük uğuru odur ki, valideynlər övladlarının onun sinfində dərs almasını istəsinlər. Məktəbimiz heç bir zaman bu cür ibtidai sinif müəllimi cəhətdən qıtlıq, kasıblıq çəkməyib, hər zaman zəngin olub. Məktəbimizin ibtidai sinif müəllimləri daima məktəbin sağlam bünövrəsi, möhkəm, dayanıqlı sütunları olublar. Elm yolu çətin yoldur. Nigar müəllimə bu çətin yolda şagirdlərinə ana qayğısı ilə yanaşan, bələdçilik edən müəllimlərimizdəndir. Daha sonra çıxış edən natiqlər, təlim tərbiyə işləri üzrə direktor müavini Böyükkişiyeva Kəklik, tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda 4 il ərzində qazanılan nailiyyətlərdən danışdılar, bildirdilər ki, məktəbin təhsil uğurları hər birimizi sevindirir. Məktəbimizin uğurları müəllimlərimizin gərgin əməyinin, səmərəli, məhsuldar fəaliyyətinin nəticəsidir. Tədbirdə çıxış edən valideynlər ibtidai təhsil pilləsini başa vurmaları münasibəti ilə şagirdləri təbrik edib, Nigar müəlliməyə sonsuz minnətdarlıqlarını bildirərək, onu sinif valideynləri adından fəxri fərmanla mükafatlandırmışlar. Tədbirin yekununda çıxış edən Nigar müəllimə şagirdlərinə xoş arzularını və diləklərini bildirmiş, gələcək təhsillərində uğurlar diləmiş, sevimli balalarından ayrılmağın onun üçün çox çətin olduğunu dilə gətirmişdir.