60 Baharlı Müəllim Ömrü
Müəllimlik qocalmaq bilməyən peşələrdəndir. Hələ bir neçə min il öncə Çin filosofu Konfutsi demişdir: “Əgər birillik planın varsa, taxıl ək. Əgər onillik planın varsa, bağ sal. Əgər yüzillik planın varsa, insanları öyrət!”Dərin bilik, möhkəm bacarıq, yüksək tərbiyəlilik, insanları öyrətməyə gedən yol ilk əvvəl dərsdən keçir. Və bu işlərin əsas aparıcısı olan müəllimdən asılıdır. Buna görə də müəllim əməyini yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev deyib, " Müəllim çox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudan da çox qiymətlidir."Bu günlərdə Azərbaycanın belə şöhrətli və çox qiymətli müəllimlərindən birinin, məktəbimizin dayağı, döyünən ürəyi olan direktorumuz Mikayılov Şakirin anadan olmasının 60, pedaqoji fəaliyyətinin 40 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirildi. Mərasim səbəbkarın mənalı və keşməkeşli ömür yoluna kiçicik bir səyahətlə başlamışdır. Bildirilmişdir ki, Şakir müəllim ilk pedaqoji fəaliyyətə 1976-cı ildə Kəlbəcər rayon məktəbində təyinatla müəllim kimi başlayıb. Həmin məktəbdə 1 il müəllim, 2 il dərs hissə müdiri vəzifəsində çalışıb. Daha sonra Ermənistan respublikası Basarkeçən rayonu Yuxarı Şorca kənd məktəbində 1979-1985-ci illər ərzində əvvəl müəllim, sonra direktor vəzifəsində işləyib. 1981-ci ildə Xalq Maarif Əlaçısı, 1986-cı ildə Baş müəllim adına layiq görülüb. 1988-ci ildə Dağlıq Qarabağ hadisələri ilə əlaqədar deportasiya olunduqdan sonra 1998-ci ilə qədər Göygöl və Tərtər rayonlarında riyaziyyat müəllimi işləyib. 1998-ci ildən Bakı şəhər 216 №li tam orta məktəbində müəllim və direktor müavini vəzifələrində çalışıb. Məktəb rəhbərliyi tərəfindən yaxşı fəaliyyətinə görə Fəxri Fərmanla mükafatlandırılıb. 2012-ci ilin 12 sentyabr tarixindən 168 №li tam orta məktəbin direktoru vəzifəsində çalışır. Pirallahı rayonunun ictimai siyasi inkişafında göstərdiyi fəaliyyətə və məktəbin qazandığı uğurlara görə 2 dəfə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edilib. 2000-ci ildən YAP-ın üzvüdür. Ailəlidir, 2 qızı, 3 oğlu, 8 nəvəsi var. Tədbirin gedişatı prosesində yubilyarı təbrikə gələn mötbəbər qonaqlar, səbəbkarın yaxınları, dostları, sinif, qrup yoldaşları, Pirallahı Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndələri, eləcə də müəllimin daha əvvəl çalışdığı kollektivin üzvləri və məktəbimizin bütün pedaqoji, texniki işçi heyəti ən xoş arzularını, ən saf istəklərini, Şakir müəllimlə bağlı xoş xatirələrini dilə gətirərək, onu səmimi qəlbdən təbrik etmişlər. Tədbirin ən yadda qalan məqamlarından biri də, Şakir müəllimin şərəfli ömür yolunun fəxri, qüruru gülü-çiçəyi, körpə fidanları olan nəvələrinin onun üçün hazırladıqları şeir töhvələri rəqs nümunələri, şirin balaların dilindən səslənən təbrik nitqləri olub. Şakir müəllimin pedaqoji fəaliyyətinin çoxsaylı fəxri fərman və mükafatlarına 60 illik yubileyi münasibətilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər Rayon Komitəsinin təqdim etdiyi Fəxri Fərman da əlavə olundu. Biz də, 168 saylı tam orta məktəbin pedaqoji kollektivi olaraq yalnız direktorumuz deyil, özünün də həmişə vurğuladığı kimi, pedaqoji heyətimizin yaşlı üzvlərinin qardaşı, həmyaşıdlarının dostu, kiçik üzvlərinin mənəvi atası, məktəbimizə gəldiyi gündən uğur yolumuza işıq saçan mayak olan əziz və hörmətli direktorumuz , dəyərli ziyalımız, sözün əsl mənasında səmimi, mehriban və xeyirxah insan olan Şakir müəllimi anadan olmasının 60 illik, pedaqoji fəaliyyətinin 40 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik! Sizə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatınızda, pedaqoji fəaliyyətinizdə, elmi yaradıcılığınızda yeni-yeni uğurlar arzulayırıq!.. Gün o gün olsun ki, Sizi 100 illik Yubileyiniz münasibətilə təbrik edək!...