9 May - Faşizm üzərində Qələbə Günüdür
9 May- Qələbə Günü münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə alman faşizmi üzərində qələbənin 72-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Pirallahı rayon ümumi təhsil müəssisələrinin rəhbərləri, şagirdlər, böyük vətən müharibəsi iştirakçıları və arxa cəbhə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Şagirdlər üçrəngli bayrağımızı dalğalandıraraq qələbəyə, həmin müharibədə şücaət göstərərək həlak olmuş qəhrəmanlara həsr olunmuş şeirlər söylədilər. Tədbir iştirakçıları çıxış edən şagirdləri gurultulu alqışlarla qarşıladı. Sonda müharibə veteranalarının ailə üzvləri və özləri çıxış edərək müharibə ilə bağlı təəssüratlarından, azərbaycanlıların döyüş meydanlarında göstərdikləri şücaətlərdən danışdılar, faşizm üzərində qələbədə Azərbaycanın rolunu, qəhrəman oğul və qızlarımızın böyük rəşadətlərini, Azərbaycan neftinin əhəmiyyətini vurğuladılar. Veteranlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Görüşün sonunda Qızıl Aypara cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova tərəfindən Böyük vətən müharibəsi iştirakçılarına və arxa cəbhə veteranlarına ərzaq bağlaması şəklində maddi yardım göstərildi. Səhhətindəki problemlərlə əlaqədar görüşdə iştirak edə bilməyən veteranlar evlərində ziyarət olundu.