15 Sentyabr - Bilik Günüdür
Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr - "Bilik günü" Pirallahı rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə və bayram əhval ruhiyyəsi ilə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı məktəbimizdə böyük həvəs və təntənə ilə hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk gününə həsr edilmiş rəngarəng və möhtəşəm tədbir hazırlanmışdır. Yeni tədris ilinin başlanmasına həsr olunmuş tədbirdə Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, müəllimlər, valideynlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir ənənəvi olaraq Dövlət Himnimizin möhtəşəm sədaları ilə açıq elan oluduqdan sonra söz məktəbimizin direktoru Mikayılov Şakirə verildi. O, öz çıxışında məktəbimizin ötən tədris ilindəki uğurlarından bəhs edərək, yeni dərs ilində həyata keçirillməsi nəzərdə tutulan prioritet məsələləri tədbir iştirakçılarının nəzərinə çatdırmış və hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə 168 №-li tam orta məktəbin bütün müəllim şagird kollektivi adından öz dərin minnətdarılığını bildirmişdir. O, həmçinin, qeyd etmişdir ki, keçən tədris ilində əsaslı təmiri başa çatdırılmış məktəbimizdə bu il 15 sinif otağı və idman zalı daxil olmaqla 300 yerlik yeni tədris korpusu tikilib təhvil verilmişdir. Eyni zamanda təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğının nəticəsi olaraq, doğma məktəbimiz bütün lazımi, müasir inventar və avadanlıqlarla təmin olunmuş, bu sahədə mümkün olan bütün tədbirlər həyata keçirilmişdir. Dövlətin təhsilə qayğısının və pedaqoji kollektivimizin bu cür şəraitdə məhsuldar, səmərəli fəaliyyətinin nəticəsi olaraq bu il 32 məzunumuzun sədaları ölkəmizin ən nüfuzlu ali təhsil müəssisələrindən gəlmişdir. Pirallahı rayonu tarixində rekorda imza ataraq, 680 balla Ali Neft Məktəbinə daxil olmuş Nurlan Tərlan oğlu Bünyatov bizim məktəbimizin yetirməsi olmuşdur.Daha sonra çıxış edən Pirallahı Rayon İcra Aparatının məsul əməkdaşları məktəbimizin pedaqoji kollektivini və şagird kontingentini Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun adından “Bilik günü” münasibəti ilə təbrik etmiş və onlara təhsildə uğurlar arzulamışlar. Tədbirin bədii hissəsində çıxış edən şagirdlərimiz dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, onlar öz sevinclərini oxuduqları mahnılar, söylədikləri şeirlərlə ifadə etdilər.Tədbirin yekununda məktəbimizin bu il istifadəyə verilən yeni tədris korpusunun təntənəli açılış mərasimi oldu. Körpə fidanlarımız, ibtidai sinif şagirdlərimiz üçün nəzərdə tutulan yeni tədris korpusumuzun açılışı bu il birinci sinifə qədəm basaraq məktəb, şagird həyatına atılmaq üçün bizim məktəbi və müəllimlərimizi seçən 100 nəfərə yaxın olan balalarımız və onların valideynləri üçün əsl bayram, şənlik ovqatı yaratmışdır. 168 №-li tam orta məktəbin pedaqoji kollektivi olaraq, yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün bundan sonra da təhsilli, savadlı gənclər yetişdirəcəyimizə söz veririk.