Pirallahı Rayon təhsil işçilərinin sentyabr konfransı keçirildi
Azərbaycan Respublikası Təhsil Nazirinin “Təhsil işçilərinin 2015-ci il sentyabr konfransının keçirilməsi haqqında” 28 avqust 2015-ci il tarixli əmrinə əsasən respublikanın hər yerində 01-12 sentyabr 2015-ci il tarixlərində Təhsil işçilərinin sentyabr konfransları keçirilir.Bu sərəncama müvafiq olaraq sentyabrın 12-də Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş, 2014-2015-ci tədris ilinin yekunlarına və 2015-2016-cı tədris ilinin başlanmasına həsr edilmiş Pirallahı rayon müəllimlərinin konfransı keçirilmişdir. Konfransdan əvvəl 100 nəfərdən çox şagirdə məktəbli forması paylandı. Tədbirdə Pirallahı RİH və YAP Pirallahı Rayon Təşkilatının, eləcə də digər idarə və müəssisələrin rəhbərlikləri və məsul əməkdaşları, rayonun orta məktəblərinin direktor və müəllim heyəti, həmçinin bu il ali məktəblərə qəbulda yüksək bal toplamış abituriyentlər və onların valideynləri iştirak etdilər. Azərbaycan Respublikasının möhtəşəm Dövlət Himni səsləndirildikdən sonra söz Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanova verildi. Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun salamlarını və yeni dərs ilinin başlanması ilə əlaqədar təbriklərini tədbir iştirakçılarına çatdıran V.Səfixanov öz çıxışında ölkəmizdə təhsilin inkşafına göstərilən yüksək dövlət qayğısından danışmış, bu gün yüksək təhsilli mütəxəssislərin hazırlanmasının artıq dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd etmiş, demokratik cəmiyyətimiz üçün hərtərəfli düşüncəyə malik sağlam fikirli, yüksək qabiliyyətli, zəngin istedada malik gənclər yetişdirmək və onların cəmiyyətin aparıcı qüvvəsinə çevirməyin vacib bir iş olduğunu vurğulamışdır. Rayon təhsilinin keçən illərlə müqayisədə yüksəldiyini iştirakçıların diqqətinə çatdıran natiq bildirmişdir ki, 2014-2015-ci tədris ilini rayon məktəbləri üçün uğurlu hesab etmək olar. 2014-cü ildə əsaslı təmiri başa çatdırılmış 168 №-li tam orta məktəbdə bu il 15 sinif otağı və idman zalı daxil olmaqla 300 yerlik müasir tədris korpusu tikilərək yeni dərs ilinə istifadəyə verilmişdir. Dövlətin təhsilə olan qayğısının nəticəsi olaraq, 168 №-li tam orta məktəbin şagirdi Nurlan Tərlan oğlu Bünyatov Pirallahı rayonunun tarixində bu vaxta qazanılmış ən böyük uğura imza ataraq 680 bal toplamış, məktəbimizin pedaqoji potensialının, eləcə də müəllim-şagird kollektivinin səmərəli, məhsuldar fəaliyyətinin ən bariz göstəricisi, nümunəsi olmuşdur. Əksəriyyəti məktəbimizin məzunu olan daha 6 nəfər Pirallahı rayon məktəblisinin nəticəsi 500 baldan yuxarıdır ki, bu da rayon tarixində ən yüksək göstəricilərdən biridir. Daha sonra qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanmış keçmiş abituriyentlərin Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması mərasimi keçirilmişdir. 168 №-li tam orta məktəbin pedaqoji kollektivi olaraq əminik ki, bu il tələbə adı qazanmış 32 məzunumuz təhsil alacaqları ali məktəblərdə də Pirallahı rayonunun, eləcə də məktəbimizin adını daim yüksəltməyə çalışacaq, müəllimlərinin üz ağlığı, baş ucalığı, fəxri olacaqlar.