"KİTAB OXUMAĞIN VAXTIDIR" devizi altında Flasmob keçirilmişdir

16 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” imzaladığı əmrə əsasən məktəbimizdə il ərzində məktəb rəhbərliyi, fənn müəllimləri, eləcə də kitabxana rəhbərliyi tərəfindən bir çox silsilə tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərin yekunu olaraq 12 iyun 2015-ci il tarixində məktəbimizin məzunu olmuş Məmmədov Ceyhun və ibtidai sinif müəllimimiz Əliyeva Nigar tərəfindən məktəbin valideynlərinin, şagird və məzunlarının iştirakı ilə Pirallahı rayon Gənclər Parkında “KİTAB OXUMAĞIN VAXTIDIR” devizi altında oturaq Flashmob təşkil edilmişdir. Flashmobda həmçinin məktəbimizin təlim tərbiyə işləri üzrə direktor müavini Böyükkişiyeva Kəklik, kitabxana müdiri Gülxatın Məmmədxanova, coğrafiya müəllimi Təhminə Şamilova da fəal iştirak etmişdir. Bu tipdə bir Flashmobun keçirilməsinin əsas məqsədi yeniyetmələr və gənclər arasında mütaliənin təbliği, uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması, mütaliə-bilik dairəsinin genişləndirilməsi, ailə qiraət ənənəsinin bərpası, kitabxanalara ictimai marağın artırılması, əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi, istedadlı uşaqların aşkarlanması, uşaq və gənclərdə klassik, eləcə də müasir Azərbaycan və dünya ədəbiyyatına marağın artırılması, eyni zamanda Azərbaycan dili və nitq vərdişlərinin, nitq mədəniyyətinin təbliğidir. Həyata keçirdiyimiz Flasmob zamanı çalışdıq ki, mütaliəyə marağı daha da artırmaqla kitabı gündəlik həyatımızın bütün sahələrinə daxil edək. Müasir texnologiya vasitələri, internet insanları maarifləndirmək, məlumatlandırmaq baxımından nə qədər aktual olsa da, heç bir kəşf, heç bir vasitə kitab qədər praktik, kitab qədər zəngin ola, kitab qədər insanının mənəvi və fiziki sağlamlığının keşiyində dura bilməz. Qeyd edək ki, bu Pirallahı rayonunda keçirilən ilk Flashmob idi. Flashmobun həyata keçirilməsinin ideya müəllifi, təşkilatçısı olan Nigar müəlliməyə, texniki məsələlərinin həllində, şəkillərin çəkilməsində, video materialın hazırlanmasında məzunumuz Məmmədov Ceyhuna xüsusi təşəkkürümüzü bildiririk.Flashmobun videogörüntülərinə saytımızın videoqalereya bölməsində baxa bilərsiniz.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi