Şagirdlərimiz kolbasa zavodunda ekskursiyada oldular
Məktəbimizin 4 "B" sinif şagirdləri sinif rəhbəri Mikayılova Nigarın rəhbərliyi ilə Xırdalan şəhərində yerləşən “Halal nemət min bərəkət ” ət və ət məhsulları zavodunda ekskursiyada olublar. Ekskursiyanın həyata keçirilməsində məqsəd şagirdləri əyani olaraq istehsalat prosesi ilə tanış etmək, bu sahədə onların bilik dairəsini zənginləşdirmək, yaddaqalan xoş bir xatirə yaşatmaq idi. Zavodun əməkdaşları şagirdlərə çeşid-çeşid kolbasa və sosiska məhsullarının bişirilmə texnologiyası və avadanlıqlar haqqında geniş məlumat verdilər. Bildirdilər ki, zavodda quraşdırılan ən müasir avadanlıqlar istehsal prosesinin tam avtomatlaşdırılmış qaydada aparılmasına imkan verir. Daha sonra uşaqlar sevimli qidaları olan kolbasanın tərkibi, onun hazırlanma mexanizmini əyani olaraq izlədilər. Şagirdlər həmçinin zavodun dequstasiya salonunda hazır məhsulların nümunələrinə baxdılar və müəssisədə yaradılan bütün şəraitlə tanış oldular. Zavodda olan səliqəlilik və çeşidlərin müxtəlifliyi şagird və valideynlərdə xoş təəssürat yaratdı. Ekskursiyanın sonunda şagirdlər şəraitdən razı qaldıqlarını bildirdilər. Zavodun əməkdaşları şagirdlərimizin istehsalat müəssisəsinə ekskursiyasını təqdirəlayiq hal kimi qiymətləndirərək sinif rəhbəri Nigar müəlliməyə təşəkkür etdilər. Sonda şagirdlərə ət məhsullarından hədiyyələr verildi.