Bakı şəhəri üzrə Çempionatda II yeri qazandıq
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan İntellektual Oyunlar Klubu tərəfindən “Parlaq Zəka” intellektual oyununun məktəblilər arası 1-ci çempionatının 14 may tarixində məktəbimizdə keçirilən rayon turunda Pirallahı rayonu üzrə olan 4 ümumtəhsil müəssisəsini geridə qoyaraq birincilik qazanan Parlaq Zəkalılarımızdan ibarət olan komandamız çempionatın şəhər mərhələsinin finalına vəsiqə qazanmışdı. 5 iyun 2015 ci il tarixində Şərq Otelinin mərasim zalında keçirilən final oyununda Binəqədi, Yasamal, Xətai, Nərimanov və Pirallahı rayonlarının 25 ümumtəhsil müsəssisəsinin 5 qalib, finala vəsiqə qazanan komandaları arasında zəkaların mübarizəsi heç də asan olmayıb, gərgin mübarizə şəraitində keçmişdir. Daha öncəki oyunlarda olduğu kimi, mövzular əvvəlcədən məktəb rəhbərilyinin və komanda üzvlərinin nəzərinə çatdırılmışdır. Belə ki, “Səfəvilər”, “Məhəmməd Fizuli”, “ Bəstəkarlarımız”, “Orta əsrlər tarixi”, "Cəlil Məmmədquluzadə’’ kimi milli tematika mövzuları üzrə iddiaçılar öncədən gərgin mübarizəyə hazırlaşmışdılar. Yarışın yekununda rayonumuz 5 rayon üzrə, məktəbimizin Parlaq Zəkaları isə 25 ümumtəhsil müəssisəsi üzrə yüksək nəticə göstərərək II yerin qalibi olmuşdur. Məktəbimizi bu mötəbər yarışda təmsil edən Həsənli Fərid, Şərifli Əbdül, Allahverənli Rüstəm, Cabbarova Dərya və Əhmədov Cəlil müvafiq diplom, medal və dünya, eləcə də Azərbaycan ədəbiyyatının seçmə incilərindən olan bədii kitablarla mükafatlandırılaraq məktəbimizə çempionatın kubokunu qazandırmışlar. Komandamızın bütün üzvlərinə məktəb rəhbərliyi adından rayonumuzu və məktəbimizi uğurla təmsil etdiklərinə görə təşəkkür edir, gələcək fəaliyyətlərində bundan da böyük uğurlar qazanmağı arzulayırıq .