Təlimlərdə yüksək nəticə göstərən direktorumuz mükafatlandırılıb
İnnovativ Texnologiyalar Təşkilatı və Təhsil Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən İnnovativ Texnologiyalar Təşkilatı tərəfindən Bakı şəhəri üzrə ibtidai sinif müəllimləri və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən inzibati heyət üçün 3 ay ərzində müvafiq olaraq “İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə” və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” adlı təlimlər həyata keçirilib. Keçirilən təlimlərin yekunu olaraq 4 iyun tarixində Park İnn otelində İKT savadlılığının artırılması üzrə təlimlərdə yüksək nəticə göstərən ibtidai sinif müəllimlərinin və inzibati heyətin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva “Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn layihələrin həyata keçirilməsi və bu layihələrin önəmindən söz açıb.Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov İKT sahəsində əldə edilən yeniliklər, onların təhsilə inteqrasiyası barəsində danışıb. O, zamanın tələbi olan bu sahədə kadr hazırlığının önəmini xüsusilə vurğulayıb. Keçirilən yekun tədbirdə 97 nəfər inzibati heyət, 93 nəfər ibtidai sinif müəllimi sertifikat, kompüter və prometan lövhələrlə mükafatlandırılıb. Təlimdə yüksək nəticə göstərərək fərqləndirilən, 1103 müəllim və inzibati heyət arasında mükafata layiq görülən namizədlərdən biri də məktəbizimin direktoru Mikayılov Şakir olmuşdur. Belə ki, Şakir müəllim təlimin yekunu prosesində Təhsil Nazirliyi tərəfindən keçirilən imtahanda yüksək nəticə göstərərək sertifikat və Promethean elektron lövhəsi ilə mükafatlandırılmışdır. Bu uğur kollektivimizin hər bir üzvünü ürəkdən sevindirmişdir. Qeyd edək ki, daha öncəki inzibati heyətin mükafatlandırılması mərasimində tərbiyə işləri üzrə direktor müavinimiz Rəhimova Sevda da fərqlənərək, sertifikat və noutbukla mükafatlandırlımışdı. Başda direktorumuz Mikayılov Şakir olmaqla Pirallahı Rayonunu təlimlərdə uğurla təmsil edərək fərqlənən direktorları, Arif Xankişiyev, Tahir Süleymanov, Vaqif Tarverdili, Gülarə Atayeva və digərlərini qazandıqları uğurlara görə bütün 168 №li tam orta məktəbin pedaqoji kollektivi adından ürəkdən təbrik edir, uğurlarının bol, davamlı olmasını arzulayırıq. Həmişə xoş sədalarınızı eşidək!