Müstəqil, qayğılı həyata çağırış zəngi - Son zəng
Pirallahı rayonunun ən qocaman və öz uğurları ilə sayılıb seçilən məktəbi olan doğma məktəbimizdə hər il olduğu kimi orta təhsili başa vurub sərbəst həyata atılan gənclərimiz son zəng gününü özlərinin ən dəyərli və yaddaqalan bayramı kimi qeyd etdilər.Son zəngin qəlbləri titrədən, kövrəldən və eyni zamanda qürurla döyündürən sədaları bu gün məktəbimizdə düzənlənən tədbirdə səsləndi. İlk olaraq tədbirə Azərbaycan bayrağı gətirildi, təntənəli Dövlət Himnimiz səsləndirildikdən sonra öz yerlərinə üz tutan onbirincilərimiz sevincli və həyəcanlı görünürdülər.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mikayılov Şakir onbirinciləri təbrik etdi, doğma vətənimizin bundan sonrakı inkişafında onların da üzərinə böyük vəzifələr düşdüyünü bildirdi, onlara bundan sonrakı həyatlarında əsl nümunəvi vətəndaş, şəxsiyyət kimi fəaliyyət göstərməyi, müstəqil həyatda xoşbəxtlik və uğur arzuladı. Sonra isə tədrisdə fərqlənən müəllim və şagirdlərə fəxri diplomlar və hədiyyələr təqdim olundu. Fərqlənən şagirdlərimiz arasında məktəbimizin II sinfini uğurla bitirərən balaca Nilufərimizin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən “Vətənin pərvəri ol” müsabiqəsindəki uğuru xüsusi qeyd olunaraq ona fond tərəfindən göndərilmiş Təşəkkürnamə təqdim olunmuşdur. Sonra söz Pirallahı Rayon İcra Hakimiyəti Başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə məsləhətçisi İlham müəllimə verildi. Natiq ilk öncə tədbir iştirakçılarına, xüsusi ilə məzunlara əlamətdar gün münasibətilə RİH Başçısının təbrikini çatdırdı, onlara qarşıdan gələn buraxılış və ali məktəblərə qəbul imtahanlarında uğurlar dilədi, xoşbəxt həyat arzuladı.Daha sonra çıxış edən məzunlarımızın ibtidai sinif müəllimləri, sinif rəhbərləri və valideynləri hər biri ayrı-ayrılıqda məzunlarımızı təbrik edərək onlara ən xoş arzu və istəklərini ünvanladılar. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verildi. Üç saat davam edən mərasimdə oxumaq estafetini qəbul edən gələcək birincilər də şeir, rəqs, mahnılarla çıxış etdilər. Xoş melodiyalar səslənir, məzunlar müəllimlərini böyük sevinclə rəqsə dəvət edirlər. Son zəngin kövrək sədaları ətrafı bürüyür. Daha bir ilin son zəngi də bununla bitir və neçə-neçə gəncimiz yeni həyat yollarına üz tutur. 168 № li tam orta məktəbin pedaqoji kollektivi olaraq biz tam əminik ki, həmişə olduğu kimi bu il də məzunlarımız onlara dövlət səviyyəsində göstərilən diqqətə, qayğıya, müasir tələblərə cavab verən təhsil şəraitinə ali məktəblərə uğurlu imtahan verməklə, əsl vətəndaş kimi yetişməklə, vətənə sədaqətlilik nümayiş etdirməklə cavab verəcəklər.