İKT savadlılığının artırılması üzrə təlimlərdə yüksək nəticəmiz

İnnovativ Texnologiyalar Təşkilatı (İTT) və Təhsil Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən, İTT tərəfindən Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində fəaliyyət göstərən inzibati heyət üçün 3 ay ərzində müvafiq olaraq “Tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə” və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” adlı təlimlər həyata keçirilib. Təlimlərin yekun prosesi olaraq Təhsil Nazirliyi tərəfindən keçirilmiş imtahanda pedaqoji kollektivimizin ən dəyərli üzvlərindən biri, hər bir şagirdin sevimlisi olan tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışan Rəhimova Sevda yüksək nəticə göstərmişdir. Bu gün Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseydə Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələri Ayaz müəllim, Lamiyə xanım, İlahə xanım, insan resursları sektorunun sədri Rəşad Tağıyevin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Sevda müəllimə İKT üzrə savadlılığın artırılması kursunu müvəffəqiyyətlə başa vurduğuna görə sertifikat və noutbukla təltif edilmişdir. Qeyd edək ki, Sevda müəllimə ömrünün 27 ilini şagirdlərin təlim tərbiyəsinə həsr etmişdir. O, 1997-ci ildən bəri məktəbimizdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. Xüsusi istedada, qeyri-adi fantaziya və əl qabiliyyətinə malik insan olan Sevda müəllimə səmərəli və məhsuldar fəaliyyəti ilə hər zaman fərqlənmiş, Bakı Şəhəri Təhsil İdarəsi, məktəb rəhbərliyi və Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif Fəxri Fərmanlarla mükafatlandırılmışdır. Sevda müəlliməni bütün pedaqoji kollektivimiz adından təbrik edir, uğurlarının davamlı və sonsuz olmasını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi