Bu gün ilk dərslər Xocalı soyqırımına həsr edildi
Bu gün - Fevralın 24-də məktəbimizin bütün siniflərində ilk dərslər Xocalı soyqırımına həsr edilib. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən tədris olunan dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dərsləri tədris edən bütün müəllimlər 25 il bundan əvvəl Xocalının sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən söz açıblar. Xocalı soyqırımı ilə bağlı fikirlərini şagirdlərlə bölüşən müəllimlər onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyib. Fikir mübadiləsi zamanı şagirdlər təcavüzkar ermənilərin tarix boyu apardıqları mənfur siyasətlərdən bəhs edib, işğal olunmuş torpaqlarımızın düşmən tapdağından ən yaxın zamanda azad ediləcəyinə inandıqlarını bildirib. Qeyd edək ki, Xocalı faciəsinin iyirmi beşinci ildönümü ərəfəsində həftə ərzində məktəbimizin bütün şagird və müəllim kollektivi "Ana fəryadı" abidə kompleksini ziyarət edir.