Məktəbimizdə iməclik keçirildi
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarov Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinə faşizm üzərində qələbənin 70 illiyi və mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar olaraq 9 may tarixində iməclik keçirilməsi haqqında telefonoqram ünvanlamışdır. Bu qərara sadiq olaraq bu gün məktəbimizdə məktəbin müəllim, şagird və texniki işçilərin iştirakı ilə iməclik keçirilmiş, kütləvi abadlıq, təmizlik işləri görülmüşdür. İməclik zamanı məktəbimizin bütün pedaqoji heyəti fəal işləmiş, məktəbin bütün sinifləri və foyesi təmizlənmiş, məktəbin həyətində olan torpaq sahəsi şumlanmış, ağacların gövdələri əhənglənmiş, qazon örtüyünə yeni güllər əkilmişdir. Qeyd edək ki, məktəbizdə şagird sıxlığı çox olduğundan məktəbin məktəbdaxili həyətyanı sahəsinin böyük bir hissəsi hasara alınaraq orada əlavə tədris korpusunun tikintisinə sentyabr ayından etibarən start verilmişdir. Tikinti işləri hələ də davam etdiyindən iməclik zamanı həyətyanı sahənin kiçikliyi, eyni zamanda şagirdlərin təhlükəsizliyi nəzərə alınaraq abadlıq işlərinin əksər hissəsi məktəbdaxili ərazidə, sinif otaqlarında aparılmışdır.Məktəbimizdə şagirdlərdə əmək tərbiyəsini formalaşdırıb inkişaf etdirən, ətraf mühitə və dövlətə, onun maddi sərvətlərinə qarşı qayğı, diqqət hissi aşılayan bu cür nəcib aksiyalar yalnız bayramqabağı günlərdə deyil, mütəmadi olaraq hər zaman həyata keçirilir.